...

Tarixi faktları siyasətçilər deyil, tarixçilər araşdırmalıdır - fransalı senator

Siyasət Materials 7 Aprel 2011 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir M.Əliyev/

Tarixi faktları siyasətçilər deyil, tarixçilər araşdırmalıdırlar. Fransa Senatının üzvü xanım Natali Qule belə hesab edir.

Onun sözlərinə görə, Fransa Parlamentində qanunun qəbul olunması üçün onun hər iki palatada təsdiq edilməsi lazımdır.

"Assambleya "erməni soyqırımı" haqqında qanunu qəbul etdi, lakin Senat onun buraxmadı. Və mən senator kimi əminəm ki, tarixi faktları siyasətçilər deyil, tarixçilər araşdırmalıdırlar", - Qule cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirilib.

Onun sözlərinə görə, Fransada nüfuzlu erməni lobbisi var və seçkilərdən sonra parlamentdə bu məsələnin yenidən qaldırılması mümkündür.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib.

Fransanın bir qrup sosialist deputatı bu qanun layihəsinin mayın 4-də Senatda müzakirəyə çıxarılmasını təklif edib.

Cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumun işində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. Forum sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edir.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktorluğunun rəhbəri Robert Palmer sədrlik edəcəklər.

Mədəniyyətlərarası dialoqun aparılmasında qadının rolu sessiyanın üçüncü forumu zamanı müzakirə ediləcək. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcəklər.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Mədəniyyətlərarası dialoq üçün qlobal gündəliyinə (2001-ci il, noyabr), YUNESKO-nun Mədəni özünüifadə formalarının müxtəlifliyinin mühafizəsi və təşviqi haqqında Konvensiyaya (2005 -ci il), İSESKO-nun Mədəni müxtəliflik haqında Bəyannaməsinə (2004 -cü il), Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları rəhbərlərinin üçüncü görüşünün Bəyannaməsi və Fəaliyyət Planına, Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə Ağ kitabına (2008 -ci il, may), Mədəniyyətlərarası dialoqa yardım haqqında Bakı Bəyannaməsinə əsaslanaraq Azərbaycan Prezidenti İlham Əliyevin hamiliyi altında 2011-ci il aprelin 7-dən 9-dək Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi haqqında təşəbbüs irəli sürülüb və BMT Baş Assambleyasının 65-ci sessiyasında (23 sentyabr 2010-cu il, Nyu-York) Azərbaycan Prezidenti Bakıda ümumdünya forumunun keçiriləcəyini bəyan edib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Aİ, Aİ-nin Şimal-Cənub mərkəzi, İSESKO, eləcə də "Avronyus" tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti