Bakı. Trend:
Təhsilimizin sağlamlaşdırılmasından, keyfiyyətinin, rəqabət qabiliyyətliliyinin artırılmasından, əmək bazarının tələbatına cavab verməsindən, elmin nəticələrinin iqtisadiyyata, istehsalata tətbiqindən, kənd məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsindən ötrü görülən işlər müsbət olsa da, hələ də problemlər qalır.
Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Dünyanın digər ölkələrində olsa da, nə üçün vətəndaş öz övladını repetitor yanına göndərməli və dövlətin təhsil siyasəti barədə başqa fikirdə olmalıdır? Təhsilin sağlamlaşdırılmasından ötrü Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanları ədalətli üsul kimi əhəmiyyətli olsa da, regional təhsil idarələri, şöbələri, məktəb direktorları dərslərin keyfiyyətini yaxşılaşdırmaqdan ötrü səylə çalışmalıdırlar. Əgər məktəbə öz işini yaxşı bilən şəxs direktor təyin edilərsə, o zaman bu sahədə narahatlıqlar indiki səviyyədə olmayacaq”, - deyə M.Qasımlı qeyd edib.
