Bakı. Trend:
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolununun ötürücülük qabiliyyətinin 2025-ci ilin sonuna kimi üç dəfə artırılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu bu gün Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi nəzdində “Enterprise Georgia” agentliyinin ixracın təşviqi departamentinin rəhbərinin müavini Ketevan Kebuladze “Asiya İnkişaf Bankının “Asiyada kiçik və orta biznesin monitorinqi 2025” (ASM 2025) adlı hesabatının Bakıdakı təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Anakliya dərin dəniz limanının tikintisi davam edir və ilk mərhələdə limanın tutumunun 600 000 TEU artacağı və limanın ilk gəmini 2029-cu ilə qədər qəbul edəcəyi gözlənilir.
“Biz təkcə fiziki əlaqələri inkişaf etdirmirik, həm də rəqəmsal dəhlizlər yaradır, dəniz sahəsində ‘vahid pəncərə’ və liman icması sistemlərini tətbiq edirik. Bu təşəbbüslər dəhlizləri təkcə logistik marşruta deyil, həm də qlobal səviyyədə informasiya magistralına çevirir”, – deyə o bildirib.
Qeyd edək ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun uzunluğu təxminən 850 kilometrdir, onun 500 kilometrdən çoxu Azərbaycanın ərazisindən keçir. BTQ Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı marşrutdur və onun fəaliyyətə başlaması Azərbaycan üçün “Şərq–Qərb” nəqliyyat dəhlizi çərçivəsində logistik imkanların genişlənməsinə səbəb olub.
Bakı–Tbilisi–Qars xətti artıq Avrasiya nəqliyyat xəritəsinin mühüm hissəsinə çevrilib və regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edir.
2024-cü ildə Gürcüstan ərazisində BTQ-nin modernləşdirilməsi işləri tamamlanıb ki, bu da dəmir yolunun illik yükgötürmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona qədər artırmağa imkan verib. Modernləşdirmə işlərinin 2024-cü il mayın 20-də başa çatmasından sonra Bakı–Tbilisi–Qars dəmir yolu ilə yük daşımaları bərpa olunub və ilk yük Türkiyəyə göndərilib.
