Bakı. Trend:
Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edərkən səsləndirdiyi fikirlər ilk növbədə, yerli idarəetmədə məmur davranışına, etik mədəniyyətə və sosial məsuliyyətə dair mühüm mesajlarla yadda qaldı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli deyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin fikirləri göstərir ki, ölkədə aparılan dərin struktur islahatları yalnız institusional deyil, həm də dəyərlər və idarəetmə fəlsəfəsi səviyyəsində yenilənməni hədəfləyir:
“Prezident İlham Əliyevin “Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır” fikri, əslində, müasir dövlət idarəetməsində məmur təfəkkürünün ideoloji transformasiyasını göstərir. Bu, inzibati funksiyanın sadəcə texniki deyil, həm də əxlaqi və ictimai məsuliyyət daşıyan bir missiya olduğunu xatırladır. Dövlət başçısı açıq şəkildə bildirir ki, məmurun şəxsi davranışı, onun ailəsinin və yaxın çevrəsinin davranış mədəniyyəti belə dövlətin nüfuzuna təsir edir. Bu, idarəetmədə yeni bir standartın – etik məsuliyyətin dövlət marağı səviyyəsinə qaldırılmasının təzahürüdür”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin “əyrı yola gedən hər bir məmur məhkəmə qarşısında cavab verir” fikri antikorrupsiya siyasətinin emosional deyil, hüquqi və institusional təməldə qurulduğunu göstərir:
“Dövlət başçısı qeyd edir ki, qanunsuz hərəkətlər cəzasız qalmır və bu, artıq cəmiyyətin gözləntisinə çevrilib. İllər öncə başlanmış “təmizlənmə siyasəti” bu çıxışda idarəetmə fəlsəfəsinin əsas dayağı kimi təqdim olunur. Prezident İlham Əliyevin “sizə heç kim qanunsuz tapşırıq verməyəcək” bəyanatı həm idarəetmədə şəffaflıq, həm də məmurların fərdi məsuliyyətinin artması baxımından strateji əhəmiyyət daşıyır.
Ölkə başçısı İlham Əliyevin “ilk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” tezisi, əslində, Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayağı – xalqın maraqlarına əsaslanan idarəetmə modelinin bərqərar olduğunu göstərir. Bu prinsip Prezident İlham Əliyevin bütün çıxışlarında, xüsusilə bölgələrə rəhbər təyinatlarında davamlı vurğulanır. Xalqa yaxınlıq, bölgələrdə vətəndaşlarla birbaşa ünsiyyət, yerli problemlərin şəffaf və operativ həlli – bu, artıq inzibati tapşırıq deyil, məmur peşəkarlığının meyarına çevrilib.
Prezident İlham Əliyevin “artıq o məmurlardan əsər-əlamət qalmayıb” fikri kadr islahatlarının dərinliyini və sistemliliyini nümayiş etdirir.
Dövlət başçısı qeyd edir ki, bir vaxtlar “qanunsuz varlanmanı məqsəd hesab edən” məmurlar cəzalandırılıb, mərkəzi icra orqanları isə sağlam idarəetmə mühitinə qovuşub. Bu, həm də idarəetmə sisteminin daxili təmizlənmə mexanizminin işlək vəziyyətdə olduğunu göstərir”.
O vurğulayıb ki, məmur korpusunun yenilənməsi, səlahiyyətlərin şəffaf bölgüsü və peşəkar kadrlara üstünlük verilməsi - bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələsinin göstəricisidir.
“Prezident İlham Əliyevin “sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” sözləri təsadüfi deyil. Bu cümlə dövlət rəhbərinin etimad – məsuliyyət balansını necə qurduğunu açıq göstərir. Etimad inzibati üstünlük deyil, ictimai etibarın qazanılması üçün məsuliyyət və borcdur. Dövlət başçısı yeni təyin olunan rəhbərlərin xalqa xidmətlə, şəffaf fəaliyyətlə və ədalətli qərarlarla bu etimadı doğrultmalarını gözlədiyini bildirir. Bu, idarəetmədə məsuliyyətli liderlik mədəniyyətinin təməl prinsipi kimi çıxış edir.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər həm dövlət idarəçiliyinin mənəvi koordinatlarını müəyyənləşdirir, həm də məmur korpusuna yeni davranış modeli təqdim edir. Əgər əvvəlki dövrlərdə əsas məqsəd institusional strukturun yaradılması idisə, bu gün əsas prioritet idarəetmənin keyfiyyətinin və sosial legitimliyinin artırılmasıdır.
Yeni mərhələnin əsas formulu aydındır: xalqa xidmət, şəffaf idarəetmə, ədalətli qərar və məsuliyyətli rəhbərlik. Bu dəyərlər əsasında formalaşan məmur davranışı isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın idarəçilik modelini müasir dövrün tələblərinə uyğun şəkildə yenidən formalaşdırır, - deyə E.Mirzəbəyli fikrini tamamlayıb.
