Bakı. Trend:
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış Türkiyənin “C-130” tipli hərbi yük təyyarəsinin qəza yerindən sonuncu – 20-ci qurbanın nəşi aşkarlanıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Kaxeti bölgəsinə aid Siqnaxi şəhəri yaxınlığında dağlıq ərazidə yerə çırpılan “C-130” təyyarəsinin qəza yerində sonuncu heyət üzvünün nəşinin axtarışları iki gün idi ki, davam edirdi.
"Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin dağıntıları arasında aparılan axtarış tədbirləri nəticəsində 20-ci şəhidimizin müqəddəs nəşi aşkarlanıb”,- deyə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur.
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
