Bakı. Trend:
2026-cı ilin sonuna qədər demək olar ki, bütün fənlər üzrə müəllimlərin, o cümlədən həmin fənlər üzrə tədris aparan müəllimlərin böyük əksəriyyəti sertifikatlaşdırma prosesini tamamlamış olacaq.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir vurğulayıb ki, yalnız 2026-cı ildə uğursuz olmuş müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi həyata keçiriləcək. Həmçinin 2022-ci ildə ilk dəfə sertifikatlaşdırmadan keçmiş müəllimlər 2027-ci ildən etibarən növbəti mərhələyə – ikinci dövrə sertifikatlaşdırmaya cəlb olunacaqlar:
“Artıq birinci mərhələdən keçmiş müəllimlər minimal tələblərə cavab verir. Amma biz əvvəldən də qeyd etmişdik ki, birinci mərhələdə tələb olunan standartlar kifayət qədər aşağı və humanist yanaşma ilə müəyyən edilmişdi. Əslində isə biz təhsildə keyfiyyət istəyiriksə, müəllimlərimizə qarşı daha yüksək tələblər qoymalıyıq.
Çünki heç bir təhsil sisteminin keyfiyyəti onun müəllim heyətinin keyfiyyətindən yuxarı ola bilməz. Əgər müəllimə olan tələbləri aşağı salırıqsa, təhsilin nəticələrinə dair gözləntiləri də aşağı salmalı oluruq. Bu, ziddiyyətli və məntiqsiz bir yanaşma olardı. Ona görə də, nə qədər çətin olsa da, bu standartlar tədricən – xüsusilə ibtidai təhsildə – artırılmalıdır.
E.Əmrullayev bildirib ki, 2027-2030-cu illər üçün əsas hədəflərdən biri də müəllimlik peşəsinə yeni modelin tətbiqidir:
“Yəni, yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən müəllimlər modeli yaradılacaq. Bu, məcburi deyil. İstəyən müəllim əvvəlki – saatla işləmə sistemində qala bilər.
Amma bu yeni modeldə müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, əlavə saatlarda isə şagirdlərlə, valideynlərlə və məktəb daxilində digər təhsil fəaliyyətləri ilə məşğul olacaq. Bu sistemə yalnız sertifikatlaşdırmadan yüksək nəticə ilə keçmiş müəllimlər cəlb olunacaq.
Çünki əməkhaqqının aşağı olmasının əsas səbəblərindən biri də odur ki, müəllimlərin həftəlik dərs yükü azdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu da, təbii olaraq, aşağı maaş deməkdir. Əgər biz müəllimin həyatını və statusunu yaxşılaşdırmaq istəyiriksə, bu yanaşmanı dəyişməliyik”.
