...

Azərbaycan Xəzəryanı ölkələrin işçi qrupunun iclasının yeni tarixini təklif edəcək

Siyasət Materials 12 Aprel 2011 17:03 (UTC +04:00)
Azərbaycan dənizin statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı ölkələrin işçi qrupunun iclasının keçirilməsinin yeni müddətini təklif edəcək.
Azərbaycan Xəzəryanı ölkələrin işçi qrupunun iclasının yeni tarixini təklif edəcək

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan dənizin statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı ölkələrin işçi qrupunun iclasının keçirilməsinin yeni müddətini təklif edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Xəzəryanı dövlətlərin Bakı sammitindən sonra biz işçi qrupların iclaslarını keçirə bilmədik, belə ki, digər Xəzəryanı ölkələrlə bu görüşlərin keçirilməsinin tarixini razılaşdıra bilmədik. Son dəfə Azərbaycan tərəfi iclasın yeni müddəti kimi aprelin sonunu təklif edib, lakin Xəzəryanı ölkələr yenidən onu razılaşdıra bilməyiblər", - nazir müavini bildirib.

Xəzəryanı dövlətlərin Bakı sammiti 2010-cu il noyabrın 18-də keçirilib.

"Növbəti sammit 2011-ci ildə Rusiyada keçiriləcək və bu sammitə qədər Rusiya tərəfi müvafiq görüşlər təşkil etməlidir", - Xələfov qeyd edib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti