Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin açılışından sonra Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbinə gəlib.
Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Dövlətimizin başçısını ictimaiyyətin nümayəndələri hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV kənd sakinlərini salamlayaraq dedi:
- Mən sizi yeni məktəbin açılışı münasibətilə təbrik edirəm. Gözəl məktəbdir, uşaqlar üçün yaxşı şərait yaradırıq. Eyni zamanda, sizi yeni yolun çəkilişi münasibətilə də təbrik edirəm.
Bu, hələ birinci mərhələdir, çünki yolun çəkilişi davam edir. Birinci 15 kilometr çəkilmişdir. Artıq bir neçə kəndə yol çəkilib, ancaq yolun ümumi uzunluğu 68 kilometr olacaqdır.
Mən bilirəm ki, burada yaşayan əhalini ən çox narahat edən məsələlərdən biri də məhz yolun bərbad vəziyyətdə olması idi. Ona görə tədbirlər görüldü, Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı və birinci mərhələ artıq başa çatmışdır. Əvvəlki dövrlərdə bu yol torpaq yol idi.
Heç vaxt asfalt vurulmamışdı. Ancaq indi gözəl asfalt yol çəkilir və bir də demək istəyirəm ki, bu, sadəcə olaraq birinci mərhələdir. Azərbaycanda bütün kənd yolları təmir olunur, yenidən tikilir. Həm Bakıətrafı qəsəbələrdə, həm də ən ucqar kəndlərdə, ən ucqar rayonlarda yolların tikintisi prosesi sürətlə gedir.
Mən ümid edirəm ki, rayonun yeni rəhbərliyi bu işləri uğurla icra edəcəkdir. Yeni təyin edilmiş icra başçısı təcrübəlidir. Bir neçə rayonda işləyib və yaxşı nəticələr göstərib. Sabirabad kimi böyük rayonda əminəm ki, sizin köməyinizlə yaxşı işləyəcəkdir.
Mən istəyirəm ki, Sabirabad rayonunda bütün sosial və iqtisadi məsələlər tezliklə öz həllini tapsın. Bunu etmək üçün əlbəttə ki, əlavə vəsait ayrılacaqdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan bütün məsələlər həllini tapmalıdır. Növbəti bir neçə il ərzində əsas infrastruktur məsələləri həllini tapacaqdır. Məktəb tikintisinə böyük ehtiyac vardır. Sabirabadda 84 məktəb vardır. Orada təmir işləri aparılmalıdır, yeni məktəblər tikilməlidir.
Kənd yolları, içməli su, kanalizasiya layihələri hazırlanır. Bütün rayonlarda olduğu kimi, qazlaşdırma layihəsi də hazırlanır. İndi rayonun əksər kəndlərinə təbii qazın verilməsi məsələsi gündəmdədir, bu məsələyə baxılır. Dövlət Neft Şirkətinə müvafiq tapşırıqlar verilmişdir ki, bu məsələ tezliklə, iki il ərzində öz həllini tapsın.
Qasımbəyli kəndi keçən il sel və daşqınlar nəticəsində subasmaya məruz qalmışdır. Mənə verilən məlumata görə, bütövlükdə Sabirabad rayonunda mindən artıq ev uçmuşdur, ya da qəzalı vəziyyətə düşmüşdür. Bu evlərin bərpası, yenidən tikilməsi prosesi gedir, minə yaxın ev tikilibdir. Ancaq hələ ki, bu proses davam edir. Biz burada əsas vəzifəmizi onda görürük ki, gələcək illərdə istənilən təbii fəlakətə hazır olaq. Bu məqsədlə bəndbərkitmə işləri aparılır, daha da keyfiyyətlə aparılmalıdır.
Daha da genişmiqyaslı işlər aparılmalıdır. Eyni zamanda, evlərin bərpası, məktəblərin tikintisi, tibb məntəqələrinin təmiri işləri daha da sürətlə aparılmalıdır. Mən ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr icra ediləcəkdir.
Çünki bunu etmək üçün bizdə həm siyasi iradə, həm də düşünülmüş proqramlar vardır. Bu proqramları biz icra edirik. Əminəm ki, 2013-cü ilə qədər ikinci regional proqramın başa çatması ilə bağlı bütün sosial infrastruktur məsələləri həllini tapmalıdır. Yenə də deyirəm, bu yolun çəkilişi birinci mərhələdir. Hələ çox yollar çəkilməlidir və çəkiləcək, çox məktəblər tikiləcəkdir.Elə etməliyik ki, insanların yaşaması, işləməsi üçün bütün şəraiti yaradaq.
Sizi bir daha təbrik edirəm.
SAKİN: Çox sağ olun cənab Prezident. Sizi camaatımız adından salamlayır, "Xoş gəlmisiniz" deyirəm. Bizə, bu Qasımbəyli kəndinə, ümumiyyətlə Azərbaycana bu şəraiti yaratdığınıza görə Sizə, bütün doğmalarınıza Allahdan uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Amin!
SAKİN: Ötən il, bizim kəndimiz, rayonumuz təbii fəlakətlə üz-üzə qaldı. Bir il ərzində Siz üçüncü dəfədir ki, bizimlə görüşə gəlirsiniz. Bizim problemlərimizi həll etmək üçün verdiyiniz tapşırıqların icrasını yerindəcə yoxlayırsınız. Ötən il baş verən fəlakət zamanı ancaq Sizə güvəndik, cənab Prezident, Sizə arxalandıq! Siz doğrudan da bizə arxa durdunuz. Həmin vaxt biz təlaş içərisində idik.
Ancaq köməyimizə gələn müasir texnikanı, maşınları, canlı qüvvəni görəndə doğrudan da ürəyimiz dağa döndü ki, bizim belə Prezidentimiz vardır.
Evlərimiz dağıldı, on minlərlə əkin sahələrimiz su altında qaldı. Bu gün durduğumuz bu ərazinin hamısı suyun altında idi. İndi cənab Prezident, Sizin tapşırığınızla burada cənnətməkan yaradılıb. Buna görə, Sizə necə təşəkkür edəcəyimizə söz tapa bilmirik. Bütün bunlara görə Sizə çox sağ olun deyirik!
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən çox şadam ki, bütün bu təmir-bərpa işləri qısa müddət ərzində öz həllini tapmışdır. Əlbəttə, fəlakət zamanı birinci vəzifəmiz ondan ibarət idi ki, bütün insanları itkisiz, təhlükəsiz yerlərə köçürək, onlar üçün şərait yaradaq. O vaxt bütün dövlət qurumları, eyni zamanda, özəl şirkətlər çox gözəl, fəal işlədilər.
Bütün şərait, hətta tibb məntəqələri də yaradıldı. Uşaqların oxuması üçün şərait yaradıldı. Çadırlar quruldu, isti yeməklər təşkil olundu. Yəni, bütün xalqımız səfərbər olundu. Nə üçün?! Çünki vətəndaşlarımız çətin vəziyyətə düşmüşdü.
Bu təbii fəlakət qarşısında biz öz gücümüzü və xalqın səfərbərliyini göstərdik. O zaman burada olarkən qarşıya vəzifə qoymuşdum ki, bütün işlər qısa müddət ərzində görülməlidir. Bərpa işləri aparılmalıdır, evlər tikilməlidir. Bir neçə ay ərzində evlərin böyük əksəriyyəti tikilmişdir. Çox böyük vəsait tələb olundu. Biz dövlət büdcəsinə əlavə etdik. Böyük məbləğ təşkil olundu.
Təkcə Sabirabad rayonunda dövlət hesabına minə yaxın gözəl ev tikilmişdir. Siz yaxşı bilirsiniz ki, burada evlərin çoxu çiy kərpicdən tikilmişdi. Su dəyən kimi uçub dağılmışdır. İndi yaxşı şəraitli gözəl daş evlərdir, gözəl məktəblərdir.
Ona görə bir də demək istəyirəm ki, bu hadisə bizim üçün bir sınaq idi. Biz bu sınaqdan şərəflə çıxdıq. Digər tərəfdən, ölkəmizin gücünü göstərdik. Biz bütün bu işləri öz hesabımıza, heç bir itki vermədən görə bildik. Bu gün həmin gözəl işlərin nəticələrini görürük. Ancaq yenə də deyirəm, mən hesab edirəm ki, gördüyümüz bu işlər görəcəyimiz işlərin bir hissəsidir. Hələ çox işlər görülməlidir.
Biz bütün ölkəmizi abadlaşdırmalıyıq, şərait yaratmalıyıq. Yeni iş yerlərinin açılması ilə bağlı işlər gedir. Bu gün mən bir neçə rayonda tədbirlərdə iştirak edəcəyəm. Yeni müəssisələr açılır, yeni binalar, məktəblər tikilir, yollar çəkilir. Hər bir yerdə inkişaf, quruculuq gedir. Mən istəyirəm ki, bu işlər daha da sürətlə getsin.
Eyni zamanda, istəyirəm özüm vəziyyətlə tanış olum, görüm əlavə hansı işlər görülməlidir ki, işlərimizi lazımi səviyyədə aparaq.
SAKİNLƏR: Çox sağ olun, cənab Prezident, Allah ömür versin. Allah Sizi bizə çox görməsin. 464 yerlik bu məktəb də suyun altında idi. Əslində bu məktəb yenidən tikildi. Kənddə evlərin 75-80 faizi çiy kərpicdən idi. Hamısı uçdu-dağıldı. İndi Sizin sayənizdə elə evlər tikiblər ki, tayı-bərabəri yoxdur.
Prezident İlham ƏLİYEV: Elə də olmalıdır!
SAKİN: Çox sağ olun, Sabirabad rayonunun əhalisi, Qasımbəyli camaatının adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!
SAKİN: Cənab Prezident! Gəldiyiniz bu məktəb mənim həyat yoldaşımın adını daşıyır. Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
Prezident İlham ƏLİYEV: Şəhidlərimizə Allah rəhmət eləsin!
SAKİN: Onun büstü də Sizin sayənizdə qoyulub. Mənim üçün də ev tikilir.
Prezident İlham ƏLİYEV: Sizin eviniz uçmuşdu?
SAKİN: Qəzalı vəziyyətdə idi.
Prezident İlham ƏLİYEV: Yenidən tikildi?
SAKİN: Xeyr, indi tikilir. Sizə ailəmiz adından təşəkkürümü bildirirəm, cansağlığı, uzun ömür arzulayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
SAKİN: Hörmətli cənab Prezident, bu məktəblə bərabər nümayəndəliyimizdə daha bir yeni məktəb tikilib. İki məktəb, bir uşaq bağçası əsaslı təmir olunub. Bütün müəllimlər və şagirdlər adından Sizə minnətdarlığımızı bildiririk. Doğrudan da, Sizin himayəniz sayəsində Qasımbəyli inzibati vahidliyi çox gözəlləşib. Amma, bir şeyi deməmək mümkün deyildir. Əgər, bir-iki il bundan əvvəl o körpünü tikdirməsəydiniz, keçənilki fəlakət bizə çox baha başa gələrdi. Ola bilsin ki, insan itkisinə yol verilər, digər çətinliklər olardı. Bütün bu işlərə görə yenə də Qasımbəyli camaatı adından, Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, möhkəm cansağlığı, səadət arzulayırıq.
SAKİN: Cənab Prezident, Allah köməyiniz olsun. Bizə çəkdirdiyiniz yoldan otuz beş min əhali istifadə edir. Həyatımız boyu biz belə abad yol görməmişik. Çünki torpaq yol yayda toz, qışda palçıq olurdu. Heç sovetlər dövründə də belə yolumuz olmayıb. Allah Sizə uzun ömür, cansağlığı versin. Bizim kəndin 35 minlik camaatının Sizdən bir xahişi var, onu sizə çatdırmaq istəyirəm. Kür çayının üzərində burada saldırdığınız körpünün birinin də tikilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik.
Prezident İlham ƏLİYEV: Yəni, ehtiyac var?
SAKİN: Bəli, ehtiyac var. O yol oradan Kürdəmirə qədər uzanır.
Prezident İlham ƏLİYEV: Siz təklifinizi verin, baxarıq və investisiya proqramına daxil edərik. İndi 17 kəndə yol çəkilib. Ancaq bizim işimiz bununla bitmir. Növbəti mərhələdə başqa kəndlərə də gözəl yollar çəkilməlidir. Artıq 33 min əhalini bu yol birləşdirəcəkdir. Ancaq rayonun əhalisi təqribən 150 min nəfərdən çoxdur. Ona görə də yol çəkilişi, kənd yollarının çəkilişi bundan sonra daha da sürətlə gedəcəkdir.
Əlbəttə, birinci mərhələdə bizim üçün əsas layihələr magistral yolların çəkilişi idi. Biz onları, demək olar ki, başa çatdırırıq. Bakıdan bütün sərhədlərə qədər gözəl yollar çəkilir. Ancaq bununla yanaşı, şəhərlərarası yollar, kənd yolları da mütləq çəkiləcəkdir. Sizin təklifləriniz də nəzərə alınacaqdır.
SAKİN: Bir ağsaqqal kimi Sabirabad camaatı adından Sizə minnətdarlığımı bildirirəm. Belə yollardan bizdə də çəkilir, bəndlər möhkəmləndirilir.
Prezident İlham ƏLİYEV: Siz bu kənddə yaşayırsınız, yoxsa başqa kənddə?
SAKİN: Qonşu kənddə. Ora asfalt yol çəkilib, bəndlərimiz möhkəmləndirilib. Xeyir-dua vermək istəyirəm. Allah Sənə uzun ömür, sağlam can versin. İşləriniz həmişə uğurlu olsun.
SAKİN: Mən də bu kəndin bir nümayəndəsiyəm. Bu işlər bizi çox sevindirir. Vaxtilə bura bərbad vəziyyətdə idi, indi gülzara dönüb. Camaat gözəl, firavan yaşayır. Bu firavanlıq Sizin sayənizdə, Sizin göstərişiniz əsasında yaradılıb. O fəlakətdən, o əziyyətdən ki, bizi qurtardınız, Allah Sizə ömür versin.
Camaat məndən Sizə minnətdarlığımızı çatdırmağı xahiş edib, cənab Prezident. O evlərin içərisində kərpic evlərlə bərabər, qamış evlər də vardır. Bizim yer, bilirsiniz, kənd yeridir. Çiy kərpicdən evlər də vardır. İndi daşdan tikirlər. Çox razıyıq. Ancaq istəyirik ki, bu məsələyə də baxılsın.
Prezident İlham ƏLİYEV: Siz uçmayan evləri nəzərdə tutursunuz? O məsələyə də baxarıq.
SAKİN: Allah Sizdən razı olsun, biz Sizdən çox razıyıq. Bu gözəl işlərin hamısı Sizin sayənizdədir. Cənab Prezident, hamımız - bütün Sabirabad camaatı Sizin arxanızdayıq, Sizə dayağıq. Biz Sizin əmrinizi gözləyirik. Qarabağ məsələsində özümüz də, uşaqlarımız da nə göstəriş versəniz ona hazırıq.
Prezident İlham ƏLİYEV: Bilirəm.
SAKİN: Sağ olun, Allah Sizə ömür versin, xətadan, bəladan qorusun.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Qasımbəylidə tikilmiş yeni evlərlə tanışlıqdan sonra Əsgərbəyli kəndində olub.
Dövlət başçısı onu səmimiyyətlə qarşılayan kənd sakinləri ilə görüşüb söhbət etmişdir.
Sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi: Gəlmişəm ki, özüm vəziyyətlə tanış olum. Gördüm ki, dayanmısınız. Maşını saxlatdırdım ki, soruşum, bəlkə sözünüz vardır?
SAKİNLƏR: Qədəmləriniz mübarək olsun, xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Mənim işim budur ki, gedim yoxlayım, harada nə çatışmır, onu biz düzəltməliyik.
SAKİNLƏR: Çox sağ olun, bu işlərin hamısı Sizin təşəbbüsünüzdür.
Prezident İlham ƏLİYEV: Yollar çəkilir, evlər, körpülər tikilir, bəndlər salınır.
SAKİN : Cənab Prezident, Allah Sizə uzun ömür versin. Bizim bu Muradbəyli, Qasımbəyli, Yuxarı Əsgərbəyli kənd camaatı görülən işlər barədə Sizə dəfələrlə məktub yazmış, teleqram vurmuşdur. Həqiqətən böyük işlər görülüb. Bunun üçün Sizə minnətdarıq. Çox istərdik ki, bizim kənddə də orta məktəb olsun. Məktəbimiz natamam orta məktəbdir. Kəndimizdə poçt olmasını da arzulayırıq.
Prezident İlham ƏLİYEV: Məktəbiniz yoxdur?
SAKİN : Var, bir qədər irəlidədir, doqquzillik məktəbdir. Həmin məktəbə orta məktəb statusu verilsə, övladlarımız təhsillərini orada davam etdirərlər. Bir də ki, poçtumuz, tibb məntəqəmiz də olsa, lap yaxşı olar. Cənab Prezident, biz Sizi dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.
Prezident İlham ƏLİYEV: Təklifləriniz qeydə alınır, yazılır, mənə məruzə ediləcəkdir. Mən müvafiq göstərişlər verəcəyəm ki, buradakı problemlər tezliklə öz həllini tapsın.
SAKİN: Çox sağ olun, bura gəlməyiniz, bizimlə görüşməyiniz böyük xoşbəxtlikdir.
Prezident İlham ƏLİYEV: Yaxşı bilirsiniz ki, təbii fəlakətin miqyası böyük idi, 3 min hektar torpağı 2-3 metr hündürlükdə su basmışdı. Biz bu vəziyyətdən şərəflə çıxdıq. İtki vermədən insanları köçürdük. O evlərin bərpası çox böyük işdir. Məktəb tikilməlidir, tibb məntəqəsi, evlər, yollar, özü də təkcə burada deyil, qonşu rayonlarda da. Böyük işdir, amma biz bu işləri lazımi səviyyədə aparacağıq. Əhalini narahat edən məsələlər həllini tapmalıdır. Ona görə mən dayandım ki, sizinlə görüşüm.
SAKİN: Allah Sizin köməyiniz olsun. Siz bizim Ali Baş Komandanımızsınız. Apardığınız siyasət, gördüyünüz işlər, verdiyiniz sərəncamlar, fərmanlar bizim proqramımızdır. Sizi həmişə dəstəkləyirik, bu istiqamətdə də iş görürük. Yeni strategiyanız nəticəsində Azərbaycan inkişaf etmiş Avropa ölkələrinə çatacaqdır. Bu, böyük işlərdir. Azərbaycan xalqı, biz vətəndaşlar, hamımız həmişə Sizin arxanızdayıq. Burada başqa söhbət ola bilməz. Sizə, ailənizə uzun ömür, cansağlığı arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Biz daha da fəal çalışmalıyıq ki, burada bütün işlər görülsün, narahatedici bir məsələ də qalmasın. Sizi narahat edən heç bir məsələ qalmamalıdır. Bunun üçün əlavə tapşırıqlar verəcəyəm. Sağ olun.
SAKİNLƏR: Allah Sizdən razı olsun.
Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Saatlı-Musalı-Məzrəli avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Necəsiniz, nə var, nə yox? İşlər necədir?
SAKİNLƏR: Lap yaxşıdır!
Prezident İlham ƏLİYEV: Çox yaxşı, yeni gözəl yol çəkilib. Rahat, müasir yoldur.
SAKİNLƏR: Çox gözəldir, Allah Sizdən razı olsun.
Prezident İlham ƏLİYEV: Yolun əvvəlki şəkilləri burada göstərilib. Torpaq yolu idi. Özü də subasmadan sonra ümumiyyətlə sıradan çıxmışdır. İndi yeni yol çəkilib, həm Saatlı, həm də İmişli rayonlarının kəndlərini birləşdirir. Rahat və gözəl yoldur. On minlərlə insan bu yoldan istifadə edir. Gözəl hadisədir. Bildiyiniz kimi, bütün bölgələrdə kənd yolları bərpa edilir, yenidən tikilir. Kəndlərimizdə yolların əksəriyyəti torpaq yolları idi. Hər yerdə indi asfalt olmalıdır. Xüsusi göstərişlər verilmişdir. O cümlədən Saatlı rayonunda da bu işlər başlayıb.
Bu birinci mərhələdir.
Bu xəritədə göstərilir. Burada əlavə tədbirlər görülməlidir ki, bütün kənd yolları bərpa olunsun. Bunu edəndən sonra bu yollarla gedib-gəlmək rahat olacaqdır.
Rayonun inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Bildiyiniz kimi, təbii fəlakətdən sonra xüsusi diqqət göstərilir, təmir-bərpa işləri gedir. Böyük bir qəsəbə salınmışdır - 178 evdən ibarət qəsəbə. Artıq orada vətəndaşlar yerləşiblər. Ondan əlavə, 350 yeni ev tikilmişdir.
Təmir-bərpa işləri də davam edir. Çünki, hələ qəzalı vəziyyətdə evlər vardır. Biz onları da təmir edəcəyik ki, təbii fəlakətin bütün fəsadlarını aradan qaldıraq. İşlərin böyük əksəriyyəti görülmüşdür. İndi məktəblər, yollar, evlər, sosial obyektlər tikilir. Bütün bunlar böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti ayırır ki, biz insanların yaşayış səviyyəsini yaxşılaşdıraq.
SAKİN: Hörmətli Prezident, mən Sizi salamlayıram, "Xoş gəlmisiniz" deyirəm. Biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun, bu işlərinizdə Sizə uğurlar qismət etsin!
Prezident İlham ƏLİYEV: Sağ olun. Saatlı rayonunda iqtisadi məsələlər də öz həllini tapmaqdadır. Yeni müəssisələr tikilir, zavodlar, bazalar. Bu gün "Aqroservis" bazası istifadəyə veriləcəkdir. Soyuducu anbar tikilibdir. Buna da çox böyük ehtiyac vardır. Çünki indi bütün rayonlarda soyuducu anbarlar tikilir ki, fermerlər məhsullarını saxlaya bilsinlər.
Regionların inkişafı ilə bağlı Proqramda bütün məsələlər nəzərdə tutulub. Növbəti aylarda, xüsusilə bu il və gələn ilin sonuna qədər rayonun qazlaşdırma ilə bağlı problemlərinin tam əksəriyyəti öz həllini tapmalıdır. Mən bilirəm ki, bu məsələyə həmişə olduğu kimi, böyük diqqət yetirilməlidir. Müəyyən işlər görülmüşdür, ancaq əksər yaşayış məntəqələrində qaz xətləri yoxdur. Keçmişdə də olmayıb, olanlar da sıradan çıxıb.
Ona görə Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələri harada ki, mümkündür qazlaşdırılsın. Beləliklə, ölkə ərazisinin 95 faizi qazlaşdırılacaqdır. O ki qaldı Saatlı rayonuna, burada qazlaşdırma 100 faiz olmalıdır. Çünki burada dağlıq kəndlər yoxdur. Bilirsiniz ki, dağlıq kəndlərə qaz çəkmək daha da çətindir. Burada, kəndlər demək olar ki, bir-birinə yaxındır. İndi yollar da çəkilir. Ona görə, hesab edirəm ki, gələn ilin sonuna qədər Saatlıda qazlaşdırma ilə bağlı bütün problemlər həll olunmalıdır.
Bu məsələ daim diqqət mərkəzindədir. Mən məsələ ilə maraqlanıram, soruşuram ki, vaxt itirməyək. İndi bizim texniki imkanlarımız da, maliyyə imkanlarımız da vardır. Dövlət Proqramında da bu məsələlər öz əksini tapıbdır.
Vətəndaşları narahat edən digər məsələ içməli su ilə bağlıdır. Bu məsələ əfsuslar olsun ki, əsrlər boyu bizi incidib. Çünki kifayət qədər su mənbələrimiz olmamışdır. Vaxtilə çəkilmiş xətlər sıradan çıxmışdır. Rayon yerlərində ümumiyyətlə kanalizasiya xətləri olmamışdır. Böyük layihədir, böyük proqramdır, indi icra olunmağa başlamışdır. Saatlıda hələ ki, işlər başlanmayıb. Mən tapşırıq verəcəyəm ki, tezliklə başlansın.
Biz çalışmalıyıq ki, bu layihəni də 2013-cü ilin sonuna qədər icra edək. Bu da çox böyük layihədir. Həm texniki cəhətdən çox çətin, həm iqtisadi cəhətdən, maliyyə baxımından çox böyük vəsait tələb edən layihədir. Ancaq bu iki layihəni - qazlaşdırma ilə içməli su-kanalizasiya məsələlərini biz həll etsək böyük bir iş olacaqdır. Yaşamaq, işləmək üçün şərait daha da yaxşı olacaqdır. İş yerləri açılmalıdır. İşlər görülür, amma hələ ki, işsizlik, işsizlər vardır. Biz bu məsələyə də daim diqqət göstərməliyik.
İdman-sağlamlıq mərkəzinin, indi xəstəxananın tikintisi başlamışdır. Saatlıda gözəl, müasir xəstəxana tikiləcəkdir. Bütün bu işləri biz görürük və görəcəyik.
SAKİNLƏR: İnşallah! Sağ olun. Allah Sizdən razı olsun! Salamat olun!
SAKİN: Hörmətli Prezident, Sizə camaatımızın adından "Xoş gəlmisiniz" deyirəm. Şəxsən mən sürücü işləmişəm. Yayda bu yolun tozuna, qış aylarında palçığına batmışıq. Mən indi bu yolu görürəm, - rayonla bizim aramız beş kilometrdir, - bu beş kilometri gedincə bəlkə deyim bir saat çəkirdi, bəlkə də çox. Amma indi çox rahat gedirik, mənzilbaşına çox tez çatırıq.
Buna görə Sizə duaçıyıq. Allah Sizi bu camaata, Azərbaycan xalqına çox görməsin. Başınız həmişə uca, adınız şərafətli olsun. Biz həmişə Sizi görəndə fəxr edirik. Diqqətinizə görə çox sağ olun.
Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Bu yol doğrudan da çox gözəl yoldur. Ancaq bu, birinci mərhələdir. İcra hakimiyyəti tərəfindən yeni təkliflər veriləcəkdir. Yeni vəsait ayrılacaq, yeni yollar çəkiləcəkdir. Elə etməliyik ki, bütün kənd yolları belə olsun.
Bu, böyük sosial məsələdir. Azərbaycan kəndlərində gözəl asfalt yollar tikilir. Bu məsələ öz həllini tapmalıdır və tapacaqdır.
SAKİN: Cənab Prezident, keçən il təbii fəlakət zamanı bu yol sel sularının altında qalıb bərbad hala düşmüşdü. Sizin Sərəncamınızla bu yol yenidən əsaslı bərpa edildi, insanların istifadəsinə verildi. Hazırda bu yoldan Arazboyu 70 kəndin 20 mindən artıq sakini istifadə edəcəkdir. Cənab Prezident, həmin sakinlərin adından Sizə öz minnətdarlığımızı bildiririk, sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun, var olun.
SAKİN: Əziz Prezidentimiz, bizim camaat da bu yoldan faydalanır. Bizim kəndimiz də Saatlının keçənilki fəlakətdə su altında qalmış kəndlərindən biridir. Kəndimizdəki evlər çiy kərpicdən tikilmişdi. İndi Sizin köməkliyinizlə Allaha çox şükür ki, möhkəm daş evlər tikilir.
Bütün camaata kompensasiyalar verilib. İndi camaatımız evində rahat yata bilir. Bəndlərimiz möhkəmləndirilib, daha narahatlığımız yoxdur. Demək olar ki, bizim bütün problemlərimiz, o cümlədən su ilə əlaqədar problemimiz həll olunmuşdur.
Bütün dünya Sizin simanızda dövlətlə xalqın birliyini görür. Bizim camaat bütün bunları çox gözəl başa düşür, çox gözəl dərk edir və Sizi dəstəkləyir. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Doğrudan da keçən il demək olar ki, bütün qitələrdə təbii fəlakətlər baş vermişdir. Gördünüz, həm yanğınlar, həm daşqınlar, həm zəlzələlər. Bu, necə deyərlər, hər bir ölkədə özünü göstərmişdir. Dünya insan itkisi ilə üzləşmişdir. Ancaq biz bütün insanları vaxtında köçürdük, şərait yaratdıq, müvəqqəti yaşayış məntəqələri yaratdıq. İndi evlərin bərpası ilə məşğuluq.
İşlərin böyük əksəriyyəti görülmüşdür. Ancaq hələ ki, təmirə ehtiyacı olan evlər vardır. O vaxt qeydiyyat aparılanda bu evlərin sayı göstərilmişdir. Ondan sonra il ərzində bəzi evlər dəymiş ziyana görə yararsız vəziyyətə düşmüşdür. Yəni onların yenidən qeydiyyata alınması prosesi gedir. Ona görə keçən il nəzərdə tutduğumuzdan daha da artıq iş görülməlidir. Bu məqsədlər üçün əlavə vəsait ayrılacaq ki, bütün bu işləri lazımi səviyyədə görək. Bir məsələ də vardır.
O da bilirəm ki, müəyyən suallar doğurur. Uçmuş evləri, yəni çiy kərpicdən tikilmiş evləri biz yeniləri ilə əvəz edirik. Gözəl daş evlərdir, möhkəm evlərdir. Amma uçmamış evlər, çiy kərpicdən tikilmiş evlər necə var idi, elə də qalmışdır.
Burada müəyyən mənada ədalətsizlik yaranır. Kimin ki, evi uçub onun şəraiti yaxşılaşıb. Kimin ki, evi uçmayıb o elə köhnə evdədir. Ona görə, bu məsələ ilə bağlı gərək təkliflər verilsin, biz baxaq, hansı əlavə işləri görək ki, ehtiyacı olan evləri də təmir etdirək. Bu, böyük işdir. Biz təkcə Saatlı rayonunda deyil, bütün ətraf rayonlarda da evlərin qəzalı vəziyyətə düşməsi ilə üzləşmişik. Ancaq bunu edəcəyik.
SAKİN: Musalı kəndinə çəkilən yeni yol istifadəyə verilib. Ötən il bizim kəndimiz - Musalı və Nəriman kəndləri də su altında qalmışdı. Sizin tapşırığınızdan sonra bizim Nəriman kənd orta məktəbi, tibb, poçt məntəqələri, məscid qısa bir müddətdə əsaslı təmir olundu. Sizin təhsilə diqqətinizi biz gözəl bilirik.
Rayonumuzda təhsil ilə əlaqədar çox böyük, möhtəşəm işlər görülmüşdür. Beş böyük, yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Onlarca məktəb binası əsaslı təmir olunmuşdur. Bütün müəllimlər, valideynlər, şagirdlər adından Sizə öz minnətdarlığımı bildirirəm. Sizə xoşbəxtlik, ailə səadəti arzulayıram.
Prezident İlham ƏLİYEV: Sağ olun. Məktəb tikintisi də davam etməlidir və edir. Amma hələ ki, təmirə ehtiyacı olan məktəblər vardır. Yəni, son 5-6 il ərzində böyük proqramla 2000-dən artıq məktəb tikilmişdir. Ancaq qəzalı vəziyyətdə məktəblər hələ ki, çoxdur. Bu ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulacaq ki, qəzalı vəziyyətdə olan məktəbləri biz ilin sonuna qədər təmir edək. Yəqin ki, biz bu proqramı da 2013-cü ilin sonuna qədər başa çatdıracağıq.
Beləliklə, Azərbaycanda bir dənə də qəzalı vəziyyətdə məktəb, yaxud da ki, pis vəziyyətdə məktəb olmayacaqdır. Bu da böyük bir nailiyyət olacaqdır. Çünki ölkəmizdə 4500-dən artıq məktəb vardır. Onların 2000-dən bir az artığını biz tikmişik. Amma hələ ki, 2000-ə yaxın məktəb vardır ki, onların da müəyyən qədəri təmir edilməlidir. Biz bütün bu problemləri bilirik.
Əsas məsələ də problemi bilmək, düzgün təhlil etmək və həlli yollarını tapmaqdır. İstər sosial-iqtisadi, istərsə də infrastruktur, qazlaşdırma, meliorasiya, suvarma məsələləri çox ciddi məsələdir. Burada kənd şəraitində yaşayan insanlar yaxşı bilirlər ki, suvarma məsələləri də öz həllini tapmalıdır. Yəni, hər bir rayon, bütövlükdə ölkə üzrə konkret proqramlar vardır və biz bunları icra edirik.
SAKİN: İcazə verin, rayonumuzun gəncləri adından Sizi salamlayım, "Xoş gəlmisiniz" deyim. Sizin Azərbaycan gəncləri ilə son günlərdə keçirdiyiniz görüşlər bizdə xoş əhval-ruhiyyə, xoş ovqat yaratmışdır. Möhtərəm cənab Prezident, məlumdur ki, respublikamızda genişmiqyaslı işlər görülür, yeni-yeni olimpiya kompleksləri tikilib istifadəyə verilir.
Qonşu Sabirabad rayonunda yeni olimpiya kompleksi tikilib istifadəyə verilmişdir. Eşitmişik ki, İmişli rayonunda da yeni olimpiya kompleksi istifadəyə veriləcəkdir. Bir Saatlı rayonu qalır arada. Xahiş edirəm ki, bizə də kömək göstərəsiniz. Azərbaycan gəncləri Sizinlədir, Sizinlə fəxr edirik, Sizinlə qürur duyuruq.
Prezident İlham ƏLİYEV: Yaxşı ki, bu məsələni siz qaldırdınız. Çünki indi o qədər olimpiya kompleksləri tikilmişdir ki, yadda saxlamaq çətindir harada tikilib, harada tikilməyib. İmişlidə bu gün açılacaq kompleks 31-cidir. Ona görə, mütləq Saatlıda da gözəl olimpiya kompleksi yaradılacaqdır. Onun yanında Gənclər Evi də yaradılmalıdır. Dediyimiz kimi, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hazırlanır. Orada həm Bakıda Gənclər Mərkəzinin tikintisi nəzərdə tutulmalıdır, həm də rayonlarda. Ona görə də bu məsələ ilə bağlı göstəriş veriləcəkdir.
SAKİN: Cənab Prezident, mən də Sizə "Xoş gəlmisiniz" deyirəm. Bu gün mən böyük qürur hissi keçirirəm. Ona görə ki, 1998-ci ildə həmişəyaşar ulu öndərimiz ilə birlikdə rayon ictimaiyyətinin görüşü keçirilərkən Siz həmin görüşdə iştirak edirdiniz. On il keçdikdən sonra Allah-təalanın inayəti ilə mənə qismət oldu ki, 2008-ci ilin sentyabr ayında Sizinlə rayon ictimaiyyətinin görüşünü keçirdik.
Prezident İlham ƏLİYEV: Meydanda, muzeyin açılışında.
SAKİN: Mən Sizin qarşınızda çıxış edərkən bir problemi xahiş etmişdim. Bu, işıq problemi idi. Sizin diqqətiniz, qayğınız və köməkliyiniz nəticəsində az bir müddət ərzində işıq problemi tamamilə həll olundu. İndi camaatımız işıqdan fasiləsiz istifadə edir.
Mənim bugünkü qürur hissim daha çoxdur. Sevincimin həddi-hüdudu yoxdur. Xalqımız kimi mən də sevinirəm. Ona görə ki, üçüncü dəfədir Sizinlə görüşürəm. Allah Sizi xoşbəxt eləsin, sağ olun.