...

Çexiya Azərbaycan ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlıdır - Prezident Vatslav Klaus

Siyasət Materials 17 May 2011 19:18 (UTC +04:00)
Mayın 17-də Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Çexiya Prezidenti Vatslav Klaus mətbuata bəyanatlarla çıxış ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Çexiya Azərbaycan ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlıdır - Prezident Vatslav Klaus

Mayın 17-də Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Çexiya Prezidenti Vatslav Klaus mətbuata bəyanatlarla çıxış ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Cənab Prezident! Xanımlar və cənablar!

Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Cənab Prezident, dəvətinizə görə minnətdaram. Bu, mənim Çexiya Respublikasının Prezidenti kimi ölkənizə ilk səfərimdir", - Vatslav Klaus deyib.

Çexiya Prezidenti Vatslav Klaus Azərbaycan dövləti başçısının iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olması və dostluq xarakteri daşıması fikri ilə tam razı olduğunu vurğulayıb. O, bunun aparılan danışıqlarda da özünü qabarıq büruzə verdiyini bildirib.

"Mən sadəcə onu təkrar etmək istəyirəm ki, ölkənizə səfərimlə Azərbaycan və Çexiya xalqlarına aydın işarə verirəm ki, biz Azərbaycan-Çexiya, Çexiya-Azərbaycan əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə genişləndirilməsində olduqca maraqlıyıq. Bu, mənim üçgünlük səfərimin əsas məqsədi və marağını təşkil edir. Cənab Prezident, biz buraya açıq ürəklə gəlmişik. Biz buraya ölkənizi daha yaxından tanımaq, anlamaq üçün gəlmişik", - Çexiya Prezidenti bəyanatında bildirib.

Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə məlumatlı olduqlarını bildirən Çexiya dövlətinin başçısı paytaxt Bakı ilə yanaşı, regionlardakı inkişafı da görmək imkanından məmnun qaldıqlarını deyib. Prezident Vatslav Klaus Azərbaycan-Çexiya münasibətlərinin daha da inkişafı ilə bağlı bir sıra məsələlər barədə də fikirlərini diqqətə çatdırıb.

"Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz vardır və bu münaqişənin həllinə kiçik də olsa, öz yardımımızı etmək istərdik. Avropa İttifaqının son "Şərq Tərəfdaşlığı" Proqramına da xüsusi diqqət yetiririk. Çexiya Respublikası bu ideyanın ərsəyə gəlməsində təşəbbüskarlarından biri olub. İki il bundan öncə "Şərq Tərəfdaşlığı" Proqramı ilə bağlı Praqada görüş keçirildi və biz o zaman orada görüşdük. Cənab Prezident, Sizə həmin vaxt söz verdim ki, səfər edəcəyəm və budur, bu gün artıq buradayam. Cari ilin sonunda Varşavada keçirilməsi nəzərdə tutulan Şərq tərəfdaşlığı Sammitini səmimiyyətlə arzulayırıq. Ümid edirəm ki, bu tədbir Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirəcəkdir.

Cənab Prezident, Sizi əmin edə bilərəm ki, ölkələrimiz arasında münasibətlər, o cümlədən Avropa ilə Azərbaycan arasında olan əlaqələr bizim marağımızdadır. Çox sağ olun", - Vatslav Klaus deyib.

Xəbər lenti

Xəbər lenti