...

Çexiya Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

Siyasət Materials 18 May 2011 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Səngəçal neft terminalı ilə tanış olmuşlar.

Terminalla tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmışdır. Qonaqlara terminal və mərkəz barədə ətraflı məlumat verilmişdir.

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın neft və qaz hasilatının tarixi barədə təqdimatla çıxış etmişdir.

Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilmişdir.

Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox işlər görmüşdür. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə, qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirmişdir.

Keçən il Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində "Ümid" qaz yatağının açılması ölkəmizə olan diqqəti daha da artırmışdır. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır.

Vurğulanmışdır ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi
880 min barrel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə
məntəqəsi vardır. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilmişdir.

Ali qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.

Sonra Çexiya Prezidenti və xanımı Səngəçal terminalının ərazisini avtobusla gəzmişlər. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilmişdir.

Xəbər lenti

Xəbər lenti