...

1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqın tarixi ədalətini bərpa etdi - deputat

Siyasət Materials 24 May 2011 13:50 (UTC +04:00)
Milli Məclisin deputatı hesab edir ki, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqın tarixi ədalətini bərpa etdi.
1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqın tarixi ədalətini bərpa etdi - deputat

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin deputatı hesab edir ki, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqın tarixi ədalətini bərpa etdi.

"Min illərlə Azərbaycan xalqının müstəqil dövlətləri olub. Ancaq XIX əsrin əvvəlində iki böyük imperiya onun torpaqlarını işğal edərək öz aralarında bölüşdürdülər və təqribən 100 ildən sonra ədalət bərpa olundu, Azərbaycan xalqı müstəqil yaşamaq arzusunu ortaya qoydu", - bunu çərşənbə axşamı Trend-ə deputat Aydın Mirzəzadə deyib.

Mirzəzadənin sözlərinə görə, cəmi 23 ay yaşasa da, bu müddət ərzində AXC çox böyük işlər görə bildi - regionda stabil inkişaf edən bir dövlət modeli ortaya qoydu, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün bir çox işlər gördü, öz gələcəyini təmin etmək üçün yüzlərlə gənci Avropanın qabaqcıl ölkələrinə oxumağa göndərdi.

"Ancaq təəssüf ki, tarixin gedişi və eyni zamanda süni yaradılmış Ermənistan dövlətinin Azərbaycana qarşı müharibəsi AXC-nin tarixini qısa etdi. Həmçinin, sovet Rusiyasının da Azərbaycana qarşı iddiaları öz rolunu oynadı. Qısa tarix yaşasa da, AXC çox gözəl dövlət yaratmaq ideyasını ortaya qoydu və reallaşdıra bildi. Həmin dövrdə çox görkəmli Azərbaycan ziyalıları müstəqil Azərbaycan üçün öz həyatlarını qurban verdilər. 70 il keçdikdən sonra yenidən müstəqilliyini bərpa edən Azərbaycan Respublikası həmin Xalq Cümhuriyyətinin varisi sayılır", - deputat əlavə edib.

Onun sözlərinə görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf modeli 23 ay yaşamış Xalq Cümhuriyyətin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir.

"Ötən 20 il ərzində biz həmin ali ideyaları yenidən gündəmə gətirdik, bunu reallaşdırdıq və beynəlxalq birlikdə Azərbaycanın layiqli adını bərpa edə bildik. 20 il göstərdi ki, biz müstəqil dövlət qurmağa layiqik, inkişaf etmiş dövlət yarada bilirik, vətəndaşların hüquq və azadlıqlarını qoruya bilirik", - Mirzəzadə qeyd edib.

1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Xalq Cümhuriyyəti süqut etdi.

Xəbər lenti

Xəbər lenti