Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Y.Ostapenko/
Bazar ertəsi Bakıda Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası başlayacaq. Bu barədə Trend-ə cümə günü Avropa İttifaqı nümayəndəliyinin rəhbəri səfir Rolan Kobia deyib.
"Görüş iki gün davam edəcək. Bu müddət ərzində Avropa və Azərbaycan parlamentariləri Aİ-nin Azərbaycanla əməkdaşlığı məsələlərinin bütün spektrini müzakirə edəcəklər", - o bildirib.
Əsas mövzular arasında parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, ölkədəki siyasi vəziyyət, əsas insan hüquq və azadlıqları, KİV sahəsindəki vəziyyət, eləcə də Aİ və Azərbaycan arasında assosiasiya haqqında sazişin imzalanması üzrə danışıqların gedişi var.
"Avropa parlamentariləri Bakıda QHT, müxalifət və biznes nümayəndələri ilə görüşlər keçirəcəklər. Rəsmi səviyyədə Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də ədliyyə və səhiyyə nazirləri ilə görüşlər gözlənilir", - Aİ-nin Bakıdakı nümayəndəliyindən bildiriblər.
Avropa Parlamentinin 8 nəfərdən ibarət nümayəndə heyətinə Çexiya Respublikasından olan avropalı parlamentari, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun nümayəndəsi Milan Kabrnox başçılıq edəcək.
Azərbaycan tərəfini Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin rəhbəri Valeh Ələsgərov təmsil edəcək.
Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mütəmadi görüşləri Brüsseldə və Bakıda rotasiya əsasında keçirilir.
Materialın hazırlanmasında xüsusi müxbir T.Mahmud (Brüssel) iştirak edib.