Azərbaycan, Bakı, 25 iyun /Trend, /
Cümə günü ARDNŞ-nin Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İtaliyanın məşhur neft sahibkarı, "Saras S.p.A" korporasiyasının sahibi, Milanın "İnternasionale" futbol klubunun prezidenti Massimo Morattini və onu müşayiət edən şəxsləri qəbul edib, Trend-in məlumatına görə ARDNŞ-nin rəsmi saytına istinadən.
Rövnəq Abdullayev onunla şəxsən tanış olmaqdan məmnunluq duyduğunu bildirib. ARDNŞ prezidenti bildirib ki, hər iki həmkarı həm neft işi, həm də futbol bağlayır.
Ölkəmizin dinamik inkişaf edən və modernləşən demokratik bir respublika olduğundan danışan Abdullayev son illər Azərbaycanda gedən sürətli sosial-iqtisadi yüksəlişdən ətraflı bəhs edib, bu inkişafın hərəkətverici qüvvələrindən olan neft-qaz sənayesində əldə olunan nailiyyətlərə toxunub.
Şirkətin fəaliyyət sahələri, ölkə daxilində və xaricdə planlaşdırdığı layihələr haqqında qonaqlara məlumat verən ARDNŞ prezidenti "SOCAR Trayding" müəssisəsinin perspektivləri üzərində xüsusi dayanıb. O, "SOCAR Trayding"in "Saras" şirkəti ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu nəzərə çatdırıb və bu əməkdaşlığı yüksək qiymətləndirib.
Rövnəq Abdullayev "Saras"la SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıldığını qeyd edərək, bu əməkdaşlığın qarşıdakı illərdə daha da dərinləşəcəyinə əminliyini bildirib.
Massimo Moratti Azərbaycanda ilk dəfə olduğunu və Bakı ilə tanışlığın onda böyük təəssürat doğurduğunu deyib.
ARDNŞ-ni böyüyən və ilbəil inkişaf edən beynəlxalq səviyyəli bir şirkət kimi yaxşı tanıdıqlarını deyən qonaq əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını ifadə edib. Sonra tərəflər arasında neft işi və futbol ilə əlaqədar qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda ARDNŞ-nin və AFFA-nın prezidenti Rövnəq Abdullayev və "Saras S.p.A" korporasiyasının sahibi, Milanın "İnternasionale" futbol klubunun prezidenti Massimo Moratti bir-birinə xatirə hədiyyələri təqdim ediblər.