Gürcüstan, Tbilisi, 27 iyun /Trend, müxbir N.Kirsxaliya/
Beynəlxalq "Greendberg Quinlan Rosner Reserch" təşkilatının keçirdiyi sosioloji araşdırmaların nəticələrinə görə, gürcüstanlıların əksəriyyəti hakim partiyanı dəstəkləyir.
Gələn bazar günü seçkilər keçirilsəydi, rəyi soruşulanların 61 faizi "Milli hərəkat"ı, 13 faizi xristian demokratları, 9 faizi isə Leyboristlər Partiyasını dəstəkləyərdilər.
Qalan partiyalar sorğuya əsasən təxminən 1-2 faiz səs yığaraq seçkilərdən kənar qalardılar.
Bununla belə, rəyi soruşulanların 77 faizi Prezident Mixail Saakaşvilinin fəaliyyətini müsbət qiymətləndiriblər.
Müxalifət liderlərindən əhali arasında daha çox dəstəyə Xristian Demokrat Partiyasının lideri, parlament azlığının rəhbəri Georgi Tarqamadze malikdir. Rəyi soruşulanların 21 faizi onu dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, 12 faizlə ikinci yerdə radikal Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili gəlir.
Araşdırmalar zamanı Gürcüstan üzrə 1200 respondentin rəyi soruşulub.