Hökumətinizə, xalqınıza, ölkənizə Fələstin probleminin həllinə, onun öz istiqlaliyyətini, azadlığını əldə etməsi və müstəqil dövlət yaratması üçün göstərdiyiniz dəstəyə, yardıma görə təşəkkür edirəm, bunu Fələstin dövlətinin prezidenti Mahmud Abbas Bakıda mətbuat qarşısında bəyanatında bildirib.
"Paytaxtı müqəddəs Qüds olan, o Qüds ki, biz onu İslamın üç müqəddəs yerlərindən biri hesab edirik. Onlardan birincisi - Qüds şəhəri, ikincisi - Mədinə, üçüncüsü - Məkkədir.
Cənab Prezident! Biz Sizin hökumətlə hazırda əlaqələrin qurulmasının başlanğıcındayıq. Bütün sahələrdə əməkdaşlığın qurulmasının başlanğıcındayıq. Ümid edirəm ki, gələcəkdə bu əlaqələri inkişaf etdirmək üçün Sizin yardımınızı görəcəyik.
Cənab Prezident, bizə göstərdiyiniz yardıma və Fələstin səfirliyi üçün binanın verilməsinə görə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, səfirin özü üçün yaşayış binası və lazımi dəstəyə görə təşəkkürümü bildirirəm. Bunu biz özümüz də yüksək qiymətləndiririk, xalqımız da yüksək qiymətləndirir", Mahmud Abbas çıxışında deyib
Onun sözlərinə görə, Fələstin Azərbaycan Respublikasına fəxrlə baxır.
"Bilirik ki, 1918-ci ildə ilk demokratik respublika burada qurulmuşdur. Bu, o deməkdir ki, Siz demokratiya yolunda yaşlılardan hesab olunursunuz, Siz başqalarına demokratiya öyrədirsiniz. Bu, böyük işdir. Eyni zamanda, bilirik ki, 1918-ci ildən etibarən Azərbaycan qadını səsvermə hüququna malikdir. Siz demokratiya yolu ilə irəliləyirsiniz. Bizim aramızda ümumi oxşarlıqlar vardır. Biz də, eyni zamanda, demokratiya yolu ilə gedirik. Bizdə də qadın səs verir, seçir və seçilir. Onlar hər yerdə öz layiqli yerlərini tuturlar, eyni zamanda, bələdiyyələrdə. Burada məqsəd odur ki, gender bərabərliyi təmin olunsun. Qadın hüququnun bərabərliyi məsələsində biz sizdən müəyyən dərəcədə öyrənirik.
Biz cənab Prezident ilə Fələstin məsələsini müzakirə etdik. Bu, siyasi məsələdir. Cənab Prezident ilə danışıqlar zamanı əmin etdim ki, birinci, ikinci və üçüncü yolumuz sülh yoludur, sülh danışığından keçir. Biz deyirik ki, bütün yollar sülhə aparır. Dünya bu məsələdə bizimlə razılaşır. Əgər İsrail hökuməti beynəlxalq səviyyədə 1967-ci il sərhədlərinə qayıtsa, biz onlarla sülhə gəlmək üçün danışıqlara getməyə hazırıq. Amma çox təəssüflər olsun ki, bunu bacarmadıq. Ona görə də dedik ki, gəlin BMT-yə müraciət edək. Qoy onlar bizə desin ki, 63 ildən artıq işğal altında yaşayan xalq nə etməlidir?! Biz ən azı istiqlaliyyət arzu edirik. Biz bu iş üzərində işləyirik. Əgər uğur qazanmasaq, onda BMT-yə müraciət edəcəyik.
Eyni zamanda, bizim daxili problemlərimiz də vardır. Amma biz bu məsələ üzərində işləyirik. Allahın köməyi ilə biz milli birlik haqqında sənəd imzalamışıq, bəzi addımlar atmışıq. Bu milli birlik sayəsində indi Fələstin hökumətinin yaradılması istiqamətində çalışırıq. Allahın köməyi ilə ən yaxın zamanda biz bu məsələdə məqsədlərimizə çatarıq.
Burada müştərək problemlər vardır. Sizdə də, bizdə də. Sizin də torpaqlarınız işğal altındadır. Sizdə də, bizdə də qaçqınlar vardır. Sizin haqqınızda BMT-nin məlum dörd qətnaməsi vardır - 822, 853, 874 və 884 saylı qətnamələr. BMT-nin bu dörd qətnaməsinin hamısı sülhə çağırır. Bizim haqqımızda isə BMT-nin 15 və daha artıq qərarı vardır. Bu qətnamələr də sülhə çağırır. Amma biz səbir edirik ki, bu problemlərə sülh vasitəsilə son qoyulsun. Biz bu sülhün səmərəsindən istifadə edə bilək", Fələstin prezidenti bəyanatında deyib.
Mahmud Abbas bildirib ki, onlar son vaxtlar Kazanda olan görüşü izləyiblər.
"Bu problemin həll olunması üçün Rusiya, Fransa və ABŞ-ın mövqeyini də izlədik. Bu da dünyanın bu problemə olan marağının göstəricisidir. Amma biz deyirik ki, bu problemləri bu gün həll etmək sabah həll etməkdən daha yaxşıdır. Ona görə də heç kim sabahkı həllə təminat verə bilməz. Arzu edirik ki, Dağlıq Qarabağ problemi, qaçqınlar problemi həll olunsun. Biz beynəlxalq qanunlardan artıq heç nə tələb etmirik. Bizim problemlərimiz müştərəkdir. Arzu edirik ki, onlar həll olunsun. Arzu edirik ki, sülh bu torpaqlarda bərqərar olsun. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşasınlar.
Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Ümid edirik ki, cənab Prezident onun üçün münasib olan vaxtda Fələstini ziyarət edəcəkdir. Arzu edirik ki, bu ziyarətlər, bu səfərlər təkrar olunsun.
Diqqətinizə görə təşəkkür edirik", Fələstin prezidenti deyib.