...

Gürcüstan hər zaman Azərbaycanın inkişafını fəxr hissi ilə müşahidə edir - nazir

Siyasət Materials 28 Avqust 2011 13:28 (UTC +04:00)

Gürcüstan, Batumi, 28 avqust /Trend, müxbir T.Hacıyev/

Gürcüstan hər zaman Azərbaycanın inkişafını fəxr hissi ilə müşahidə edir. Trend-in məlumatına görə, bu barədə bazar günü Gürcüstanın Batumi şəhərində Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" adlı konfransda Gürcüstanın Diaspor Məsələləri üzrə Dövlət naziri Mirza Davitaya bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstanın tarixləri hər zaman bir-birlərinə bağlı olub və bir-birlərinin davamıdır.

"XX əsrin əvvəllərində sovet qoşunları Azərbaycanı işğal etdikdən sonra, Azərbaycan müstəqilliyini itirdikdən sonra, Gürcüstan da müstəqilliyini itirmişdi. Bundan başqa SSRİ dağıldıqdan sonra Bakıda baş verən hadisələr sonradan Gürcüstanda da baş vermişdi. Bu və bunun kimi digər hadisələr göstərir ki, hər iki ölkə bir-birinə nə dərəcədə bağlıdır. Bizim tarixlərimiz demək olar ki, bir-birinə hopub" - Davitaya əlavə edib.

O hesab edir ki, Azərbaycan və Gürcüstanın dostluğu dünyaya nümunə ola biləcək dostluq əlaqələridir.

Gürcü nazir bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki ölkənin dostluq münasibətlərinin perspektivlərini görürdü və bu istiqamətdə addımlar atırdı.

"Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidentli Mixeil Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq sayəsində biz inkişafımızın ən yüksək mərhələsinə nail olacağıq" - Davitaya bildirib.

Konfrans bu gün işinə başlayıb və iki gün davam edəcək.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə dövlət Komitəsinin sədri Nazim İbrahimov, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti