...

Prezident İlham Əliyev: Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir (FOTO)

Siyasət Materials 12 Sentyabr 2011 19:28 (UTC +04:00)
Sentyabrın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb.
Prezident İlham Əliyev: Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sentyabrın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev sessiyanın açılışında iştirak edib.

Sessiyada DST-nin baş direktoru Marqaret Çan, 53 ölkənin səhiyyə nazirləri, bir çox nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və Azərbaycanın tibb mütəxəssisləri iştirak edirlər.

Tədbirin məhz ölkəmizdə keçirilməsi təsadüfi deyil. Son zamanlarda Azərbaycanda səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmişdir. Bir çox beynəlxalq qurumlar, o cümlədən DST-nin Avropa üzrə Regional Komitəsinin rəsmiləri bildirmişlər ki, Azərbaycan səhiyyə sektorunda nəzərəçarpan nailiyyətlər əldə etmiş və Avropanın bir çox ölkələri məhz ölkəmizin bu sahədəki təcrübəsini öyrənməlidirlər.

Sessiyanın icraçı sədri Jozep Kasals, Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakab tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq etdilər, səhiyyənin aktual problemləri ilə bağlı strategiya və planların qəbul ediləcəyini və mühüm qərarlar veriləcəyini bildirdilər.

Sonra sessiyanın sədri və digər vəzifəli şəxsləri seçildi. Sessiyanın sədri seçilmiş Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məruzə ilə çıxış etdi.

Sonra sessiyanın gündəliyi təsdiq olundu.

Sessiyanın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev DST-nin Avropa üzrə Regional Komitəsinin 61-ci sessiyasının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu dedi. Sessiyanın işinin uğurlu olacağına əminliyini bildirən dövlətimizin başçısı DST ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırdı və bunun Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar baxımından əhəmiyyətli olduğunu vurğuladı. Prezident İlham Əliyev DST-nin baş direktoru Marqaret Çanın bu sahədə xidmətlərini yüksək qiymətləndirmişdir.

Son illərdə Azərbaycanda səhiyyə sahəsinə ayrılan dövlət büdcə xərclərinin səkkiz dəfədən çox artdığını deyən dövlətimizin başçısı insanların sağlamlığının təmin edilməsi, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ölkədə konkret addımların atıldığını bildirdi.

"Bizim planlarımız çoxdur", - deyən Prezident İlham Əliyev qeyd etdi ki, sağlamlıqla bağlı digər sahələrə də Azərbaycanda böyük diqqət göstərilir. Ekoloji problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. 2013-cü ilədək Azərbaycanda əhaliyə verilən içməli su DST-nin standartlarına uyğun olmalıdır. İnsan sağlamlığını şərtləndirən amillərdən biri kimi Azərbaycanda idmanın inkişafına da diqqət göstərilir. Bununla yanaşı, ölkəmizdə narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Çünki gənclərin sağlam böyüməsi gələcəkdə səhiyyə problemlərinin azalmasına gətirib çıxaracaqdır.

Azərbaycanın son yeddi ildə dünya iqtisadiyyatında birinci olduğunu deyən dövlətimizin başçısı məhz bu uğurlar nəticəsində ölkədə yoxsulluğun azaldığını, bu səviyyənin 49 faizdən 9 faizə düşdüyünü, 125 min aztəminatlı ailənin dövlətdən ünvanlı sosial yardım aldığını, bu il pensiyaların 40 faiz artdığını dedi. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar bu kateqoriyadan olan insanların sağlamlığına verilən töhfədir.

"İnsan inkişafı indeksinə görə Azərbaycan son beş ildə dünyada ən böyük inkişafa nail olmuşdur", - deyən dövlətimizin başçısı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə də ölkəmizin dünyada öncül yerlərdən birini tutduğunu bildirdi. DST-nin Azərbaycana olan diqqətinin hər birimiz üçün əziz olduğunu vurğulayan Prezident İlham Əliyev bir daha sessiyanın işinə uğurlar arzuladı.

Sonra dövlətimizin başçısı tədbir iştirakçıları ilə görüşdü.

Daha sonra sessiya öz işini davam etdirmişdir. Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın tədbir iştirakçılarına təbrik məktubunu oxudu.

Tədbir müvafiq məruzələrin dinlənilməsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti