Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan və İspaniya münasibətlərin yeni mərhələsinə qədəm qoyublar. Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev belə hesab edir.
"Bu il Azərbaycan-İspaniya ikitərəfli münasibətlərində nəzərəçarpan canlanma müşahidə olunur və cari il bizim münasibətlərimizdə dönüş ili olmalıdır", - səfir Trend-ə müsahibəsində bildirib.
Əfəndiyev bu canlanmanı bir neçə mövcud sahəyə, o cümlədən ticari-iqtisadi sahəyə, mədəni, humanitar və rəsmi/siyasi münasibətlərə bölüb. Bu istiqamətlərin hər biri sövqedici səbəblərə və inkişaf dinamikasına malikdir.
Diplomatın sözlərinə görə, daha çox aktivlik iqtisadi münasibətlərdə nəzərə çarpır.
"Mən bu istiqaməti daha vacib hiss edirəm. Belə ki, bu sahədə münasibətlərin inkişafı digər istiqamətlərdə təməl və əməkdaşlığın inkişafına xidmət edəcək. Bu nəzər nöqtəsi tamamilə İspaniya tərəfdən də paylaşılır", - o deyib.
Əfəndiyevin sözlərinə görə, ötən illərlə müqayisədə bir sıra İspaniya şirkətləri Azərbaycanda nəqliyyat infrastrukturu, su təchizatı, alternativ enerji, ətraf mühitin mühafizəsi kimi sahələrdə layihələrin həyata keçirilməsində ya artıq iştirak edir, ya da astanasındadır.
"Bakıda artıq bəzi şirkətlər var və tezliklə Mango, Zara, Massimo Dutti, Paul & Bears, Parcelanoza və s. kimi İspaniyanın yeni, məhşur brendlərini görmək mümkün olacaq", - o qeyd edib.
Səfirin sözlərinə görə, bir çox şirkətlər dövlət təşkilatları tərəfindən şəhərsalma və arxitektura, nəqliyyat, energetika və neft-kimya və s. sahələrdə təşkil olunan tenderlərdə iştirak edir.
"Düşünürəm ki, bu sadəcə prosesin başlanğıcıdır və bu daha aktiv inkişaf edəcək", - Əfəndiyev bildirib.
Onun sözlərinə görə, əsas sövqedici səbəblərdən biri də şübhəsiz ki, maliyyə-iqtisadi böhran və yeni bazarların axtarılmasının vacibliyidir.
Diplomatın sözlərinə görə, həm səfirliyin dəstəyi ilə, həm də tərəflərin təşəbbüsü ilə mədəni və humanitar münasibətlər sahəsində də fəallıq nəzərə çarpır. Belə ki, yazda səfirliyin dəstəyi ilə gənc azərbaycanlı rəssamların Barselona və Madriddə sərgiləri təşkil olunub və Madriddə istedadlı gənc dirijor Eyyub Quliyevin konserti uğurla keçirilib.
Bu yay Azərbaycanın bəzi rayonlarının icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyətinin İspaniyanın iri şəhər və rayon mərkəzlərində idarəetmənin qabaqcıl təcrübəsi ilə tanış olmaq məqsədilə səfəri baş tutub.
Oktyabrın əvvəllərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İspaniyanın 9 jurnalisti Azərbaycanda səfərdə olub. Maraqlı həftəlik proqram Azərbaycan haqqında video və çap materialı hazırlamaq məqsədilə geniş material toplamağa imkan yaradıb.
Azərbaycanın müstəqilliyinin 20 illiyi çərçivəsində oktyabrın 17-22-də Madridin prestijli mehmanxanalarından birində milli mətbəx həftəsinin, eləcə də bu məqsədlə bir sıra konfransların və AzərTAc-ın müxbirlərinin Madriddə və Barselonada fotosərgilərinin keçirilməsi planlaşdırılır.
Onun sözlərinə, İkinci dünya müharibəsi zamanı Azərbaycan sərhədlərini qoruyaraq cəsarətlə döyüşən 15 ispaniyalı hərbi pilotun həyatından bəhs edən "Azərbaycan səması altında" birgə sənədli filminin işləri yekunlaşdırılır. Film həmçinin müasir Azərbaycan haqqında bəhs edəcək. Filmin təqdimatı ilin sonunda Bakıda və İspaniyada keçiriləcək.
Bununla yanaşı, turist, idmançı, mədəniyyət və elm xadimləri mübadiləsi dinamik inkişaf edir və bu sahədə qarşılıqlı maraq artır.
Böhran və Bakıda İspaniya səfirliyinin olmaması fonunda münasibətlərin belə dinamik inkişafı və saxlanması faktoru Azərbaycanın Madriddəki səfirliyinin fəaliyyətinin nəticəsidir.
"Münasibətlərin fəallaşması fonunda müvafiq mühitin yaradılmasında geriləmələri aşkar edir. Bu mühit həmin prosesi nəinki saxlamağa, həm də onun inkişafı üçün öz töhfəsini vermiş olardı. Xüsusilə də hökumətlərarası səviyyədə dialoqların aparılmasını istensivləşdirmək, müqavilə hüquq bazasını formalaşdırmaq, biznes və turizm üçün əlavə stimullar yaratmaq vacibdir", - səfir hesab edir.
"Bu, artıq hökumətin görəcəyi işdir və düşünürəm ki, mövcud ikitərəfli münasibətləri fəallaşdırmaq lazımdır", - diplomat deyib.
Əfəndiyevin sözlərinə görə, İspaniya cəmiyyəti son vaxtlar diqqət və maraqla Azərbaycanda gedən prosesləri izləyir. Buna nümunə olaraq, İspaniyanın İqtisadi və Maliyyə Elmləri üzrə Kral Akademiyası (Real Academia de Ciencias y Financieras) tərəfindən nəşr olunan "İqtisadiyyatın bərpa olunması üçün yeni bazar imkanları - Azərbaycan" adlı ispan dilində kitabı göstərmək olar.
Həmin tədqiqat işi professor Qorxmaz İmanovun rəhbərliyi altında Azərbaycanın bir qrup iqtisadçıları ilə Kral Akademiyasının tədqiqatçılarının sıx əməkdaşlığının nəticəsidir.
Səfir xüsusi olaraq ikitərəfli münasibətlər tarixində ilk dəfə xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin iyun ayında İspaniyaya rəsmi səfərini qeyd edib. "Səfər zamanı mövqelərimizin üst-üstə düşdüyü həm ikitərəfli, həm də beynəlxalq münasibətlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Nazir Məmmədyarovun səfəri zamanı diplomatik pasportlara malik şəxslər üçün vizasız rejimlə bağlı ilk ikitərəfli saziş imzalanıb.
Əfəndiyevin sözlərinə görə, İspaniya tərəfinin ticari və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı xüsusi marağını nəzərə alaraq, nazirin səfərinin iqtisadi tərkibli proqramı nəzərəçarpacaq dərəcədə əsas yer tuturdu.
"Tərəflər iqtisadi əməkdaşlığı mümkün imkanlara cavab verməyən qeyri-kafi kimi qiymətləndiriblər, əlaqələrin fəallaşmasına kömək barədə razılaşıblar", - o qeyd edib.
Səfirin sözlərinə görə, paralel olaraq parlamentlərarası əməkdaşlığın inkişaf imkanları işlənir. İki ölkənin parlamentariləri fəal şəkildə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, gələcəkdə isə ikitərəfli əməkdaşlığımn fəallaşması üçün tədbirlər qəbul ediləcək.