Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
Liviyanın keçmiş lideri Müəmmər Qəddafi tutulandan sonra öldürülüb. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı hərbi əməliyyatın iştirakçısına istinadən xəbər verir.
"Qəddafi tutulanda müqavimət göstərmirdi", - o deyib.
Liviyanın keçmiş lideri Müəmmər Qəddafi bu gün Sirt şəhərində hərbi əməliyyatlar zamanı öldürülüb. Qəddafinin cəsədi Liviyanın Misrat şəhərinə gətirilib. Bu barədə Trend cümə axşamı "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
"Qəddafi yaxalanan vaxt ayağından yaralanıb", - məlumatı "əl-Ərəbiyə" kanalı öncə yayıb.
"Əl-Cəzirə"nin məlumatına görə, hərbi əməliyyatlar zamanı Qəddafinin oğlu Mötəsim Qəddafi də tutulub.
Bundan başqa, hərbi əməliyyat zamanı Liviyanın sabiq müdafiə naziri Əbu Bəkr Yunis də öldürülüb.
Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib. Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.
Onun ailəsinin bəzi üzvləri - həyat yoldaşı Safiyə, qızı Aişə, oğlanları Məhəmməd və Hannibal Əlcəzairə qaçıblar.