...

Azərbaycan BMT TŞ-nin fəaliyyətinə konstruktiv töhfə verəcək - Böyük Britanya XİN

Siyasət Materials 28 Oktyabr 2011 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/Trend, müxbir E. Tariverdiyeva/

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilməsindən sonra Prezident İlham Əliyevə məktub göndərib. Trend-in məlumatına görə, bu barədə cümə günü səfirliyin məlumatında deyilir.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycanın üzvlüyü həlledici vaxta təsadüf edib. Belə ki, TŞ beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üzrə işi davam etdirir.

Uilyam Heyq əlavə edib ki, o, Azərbaycanın TŞ-nin fəaliyyətinə konstruktiv töhfə verəcəyinə şübhə etmir və Azərbaycan ilə TŞ üzrə tərəfdaş qismində əməkdaşlığa ümid edir.

Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.

Axırıncı mərhələdə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib.

Bundan əvvəl keçirilən altı səsvermə mərhələsinin hər birində Azərbaycan Sloveniyadan çox səs toplamışdı, lakin seçilmək üçün tələb olunan 129 səsi yığa bilməmişdi.

Xəbər lenti

Xəbər lenti