...

Azərbaycanda İordaniya Ticarət Mərkəzi açılacaq

Siyasət Materials 18 Noyabr 2011 12:21 (UTC +04:00)
Azərbaycanda İordaniya Ticarət Mərkəzinin açılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında İordaniya Krallığının Azərbaycandakı səfiri Adel Adaileh məlumat verib.
Azərbaycanda İordaniya Ticarət Mərkəzi açılacaq

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda İordaniya Ticarət Mərkəzinin açılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında İordaniya Krallığının Azərbaycandakı səfiri Adel Adaileh məlumat verib.

Onun sözlərinə görə, hazırda mərkəzin açılması üzrə aparılan işlər başlanğıc mərhələsindədir.

Səfir hesab edir ki, mərkəzin açılması iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək.

Azərbaycanla İordaniya Krallığı arasında əlaqələrin çox gözəl olduğunu deyən Adaileh bu əlaqələrin getdikcə inkişaf etdiyini bildirib.

"Ölkələr arasında əməkdaşlıq bütün sahələri əhatə edir. İki ölkə arasında hər iki xalqın mənafeyinə xidmət edən çoxsaylı müqavilələr imzalanıb. Amma çox təəssüflə qeyd edim ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi bizim istədiyimiz səviyyəyə çatmayıb", - səfir əlavə edib.

O qeyd edib ki, hazırda İordaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollar təşkil edir. Gələcəkdə bu məbləğin artacağına ümid edən Adaileh deyib ki, qarşılıqlı ticarət əlaqələrinin yüksəldilməsi üçün hər iki tərəfin imkanları genişdir.

Səfirin sözlərinə görə, Azərbaycanda inkişaf etmiş neft-kimya sənayesi var. Azərbaycanın bu sahədə qazandığı imkanlar İordaniyaya bəllidir. Ona görə də İordaniya Azərbaycanla bu sahə üzrə əməkdaşlıq etmək istəyir.

"İordaniya aqrar sənayeyə malik bir ölkədir. Orada daha çox emal sənayesi inkişaf edib. Bununla yanaşı, orada kənd təsərrüfatı, dərman məhsulları, tikinti materialları da var. İordaniya həm də müasir texnologiyalara malik bir ölkədir", - səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti