Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar Azərbaycanın Londondakı səfirliyində anım mərasimi keçirilib.
Səfirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, anım mərasimində Böyük Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatları, o cümlədən Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Hava Yolları şirkətinin Londondakı nümayəndələri, eləcə də Azərbaycan Evi və Avropa-Azərbaycan Cəmiyyətinin rəhbərliyi və nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları iştirak ediblər.
Mərasim Heydər Əliyevin səfirliyin binasında yerləşən büstü önünə əklil qoyulması və ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov ümummilli liderin həyat yoluna və siyasi fəaliyyətinə nəzər yetirib, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən söz açıb. Səfir ötən əsrin 90-cı illərində dövlətçiliyimizin qorunub saxlanması, ölkəmizin dünya birliyində özünə layiqli yer tutması, eləcə də davamlı iqtisadi inkişafın təmin olunmasının onun siyasi uzaqgörənliyi sayəsində mümkün olduğunu nəzərə çatdırıb. O, Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirib və xidmətlərinin heç zaman unudulmayacağını vurğulayıb.
Mərasimdə tanınmış amerikalı tədqiqatçı-jurnalist, Montana Universitetinin professoru, "Azərbaycan Gündəliyi" kitabının müəllifi Tomas Qoltz da çıxış edib. O, çıxışında ötən əsrin 90-cı illərində Azərbaycana səfər edən ilk xarici jurnalistlərdən olduğunu, məhz həmin dövrdə Heydər Əliyevlə görüşlərini və şəxsi xatirələrini yada salıb, onu fövqəladə siyasi səriştə və bənzərsiz dünyagörüşünə sahib şəxs kimi qiymətləndirib. Qoltz ABŞ-ın ölkəmizdəki keçmiş səfirləri ilə görüş və müsahibələrinə istinad edərək, onların Heydər Əliyev haqqında mülahizələrini tədbir iştirakçıları ilə bölüşüb. Onun yalnız Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionunun gələcəyi ilə bağlı planlara və düşüncələrə malik olan nəhəng siyasətçi olduğunu diqqətə çatdırıb. Qoltz Azərbaycanın ötən 20 il ərzindəki inkişafının məhz Heydər Əliyevin mirası ilə bağlı olduğunu vurğulayıb.
Tədbirdə həmçinin ümummilli liderin həyat və yaradıcılığından bəhs edən kitab və nəşrlər iştirakçılara paylanıb, onun həyat və siyasi fəaliyyətindən bəhs edən fotəşəkillər nümayiş etdirilib. Londonda yaşayan istedadlı musiqiçilər - Nigar və Günel Mirzəyeva bacılarının ifasında skripka və pianoda klassik əsərlər səsləndirilib.