Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.Tarıverdiyeva/
İranın nüvə proqramı ilə bağlı vəziyyət ciddi problem olaraq qalır, Qərb dövlətləri isə getdikcə daha çox Tehranla qarşıdurma yolunda dayanırlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İnterfaks"a eksklüziv müsahibəsində deyib.
"Təəssüf ki, burada tez həll gözlənilmir. İran BMT TŞ-nin və BAEA İdarə Şurasının tələblərinə məhəl qoymamaqda davam edir, Qərb dövlətləri isə getdikcə daha çox Tehranla qarşıdurma yolunda dayanırlar, yayılmamış tapşırıqların həlli çərçivəsindən uzaq düşən yeni sanksiyalar tətbiq edirlər", - o bildirib.
Onun sözlərinə görə, bundan başqa, son zamanlar İrana qarşı getdikcə daha çox güc tətbiq edilməsi hədələri səslənir.
"Bu şəraitdə İranın nüvə proqramı ətrafındakı vəziyyətin siyasi-diplomatik yolla nizamlanmaya cəlb edilməsinə yönəlmiş fəal xətti davam etdiririk. Buna alternativi görmürük, problemin dialoq yolu ilə mərhələli və qarşılıqlı olaraq hərtərəfli və uzunmüddətli həllinin tərəfdarıyıq", - Lavrov qeyd edib.
Noyabrda BAEA İslam Respublikasının 2003-cü ilə qədər nüvə silahı yaradılması istiqamətində işlər apardığının qeyd olunduğu məruzə təqdim etmişdi. Məruzədə qeyd edilirdi ki, belə fəaliyyət hazırda da davam etdirilə bilər.
Məruzənin dərc edilməsindən sonra BAEA-nın İdarə Şurası Tehranı agentliyin ekspertlərini nüvə obyektlərinə buraxmağa və agentliklə əməkdaşlığı fəallaşdırmağa çağıran qətnamə qəbul etdi. Bu qətnamədən dərhal sonra Aİ və ABŞ İrana qarşı sanksiyaları genişləndirdilər.
ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırılar. Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilib.