...

2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası hazırlanacaq

Siyasət Materials 29 Dekabr 2011 20:29 (UTC +04:00)
Prezident İlham Əliyev 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında sərəncam imzalayıb.
2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası hazırlanacaq

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Prezident İlham Əliyev 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə, bu sahədə geniş təcrübəyə malik yerli və beynəlxalq şirkətləri cəlb etməklə, ölkədəki mövcud alternativ və bərpa olunan enerji potensialından istifadəyə dair 2012-2020-ci illəri əhatə edən Dövlət Strategiyasının layihəsini 6 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Bu sərəncama əsasən Dövlət Strategiyasının layihəsi hazırlanarkən aşağıdakılar nəzərə alınmalıdır: ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi istehsalı üzrə 2012-2020-ci illər üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi; alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi baza yaradılması; alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair stimullaşdırıcı tədbirlər görülməsi; daxili və beynəlxalq elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin təmin edilməsi.

Sərəncamda qeyd edilir ki, 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanmasını təmin etmək məqsədi ilə Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti