Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:36-da yayılıb)
Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirdi ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilib. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb. Ötən il iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olub. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərib. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artıb. İnflyasiya birrəqəmli səviyyədə qalıb, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlib. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunub və bu rəqəm 20 milyard dollar təşkil edib. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçib. Keçən ildə maaşlar, pensiyalar artırılıb, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb.
"Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bununla yanaşı, sosial siyasətdə də uğurlu addımlar atırıq", - deyən Prezident İlham Əliyev bildirdi ki, keçən il səhiyyə, təhsil, idman, mədəniyyət obyektlərinin tikintisi davam etdirilib. Ötən il 94 min yeni iş yeri açılıb ki, onlardan 73 mini daimidir. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb.
Prezident İlham Əliyev vurğuladı ki, keçən il Azərbaycan xarici siyasətdə də böyük uğurlar əldə edib. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bununla da Azərbaycan dünya birliyinin inamını və etimadını qazanıb.
Dövlətimizin başçısı bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2011-ci ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb. Müsbət hallara gəlincə, Prezident İlham Əliyev üç həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirdi. Bununla belə, münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan öz hərbi gücünü artırır, 2010-cu ildə hərbi xərclərimiz 3 milyard 413 milyon dollar idisə, 2011-ci ildə bu, 3 milyard 474 milyon dollar təşkil edib. "Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna malikik", - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır. Prezident İlham Əliyev 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğunu, bu çərçivədə böyük işlərin görüldüyünü, yeni müasir hotellərin açıldığını, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edildiyini, Gənclər Fondunun yaradıldığını bildirdi. Qeyd etdi ki, 2011-ci ildə ölkənin enerji potensialının və yeni qaz yataqlarının kəşfi, mavi yanacağın nəqli və tranziti ilə də bağlı mühüm addımlar atılıb.
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2011-ci ildə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdilər.
Prezident İlham Əliyev yekun nitqində bildirdi ki, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal iş görülməlidir. "2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaqdır", - deyən dövlətimizin başçısı ölkədə maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsi üçün imkanların olduğunu bildirdi. Dövlət İnvestisiya Proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini qeyd edən Prezident İlham Əliyev bildirdi ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcək. Bununla yanaşı, suvarma və meliorasiya, qazlaşdırma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır. 2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq, Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək.
Bununla yanaşı, dövlətimizin başçısı ordu quruculuğu istiqamətində tədbirlərin davam etdirilməsi, hərbi hissələrdə yaşayış və xidmət üçün yüksək şəraitin yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi.
Prezident İlham Əliyev bildirdi ki, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçiriləcək. Ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyan bu beynəlxalq səviyyəli yarışın keçirildiyi ildə Azərbaycanda 10 Olimpiya İdman Kompleksi tikiləcək, Olimpiya stadionunun və Gimnastika Kompleksinin tikintisi fəal mərhələyə keçəcək, Tofiq Bəhramov adına stadionun təmir-bərpası davam etdiriləcək. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ili "İdman ili" elan etdi və bununla bağlı müvafiq sərəncamın imzalanacağını bildirdi.