...

İordaniya ictimaiyyətinə 20 Yanvar faciəsi haqqında geniş məlumat verilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2012 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/

İordaniya ictimaiyyətinə 20 Yanvar faciəsi haqqında geniş məlumat verilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, 20 Yanvar faciəsinin 22-ci ldönümü ilə əlaqədar yanvarın 18-də səfirlikdə mətbuat konfransı keçirilib.

İordaniyanın 20-yə yaxın kütləvi informasiya vasitələrinin, o cümlədən İordaniyanın rəsmi dövlət kanalı İordaniya Televiziyasının iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Elman Araslı faciənin tarixi, onun ölkəmizin müstəqilliyinin bərpasında oynadığı rol haqqında media nümayəndələrinə ətraflı məlumat verib.

Jurnalistlərin çoxsaylı suallarını cavablandıran səfir Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əməlinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməsinin zəruriliyini vurğulayıb və bu işdə media nümayəndələrinin yaxından iştirakına ehtiyac olduğunu bildirib.

Sonra səfir Araslı qanlı yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar İordaniya Televiziyasına müsahibə verib.

Bununla yanaşı, səfirlik tərəfindən müvafiq bəyanat hazırlanaraq İordaniyanın Xarici İşlər Nazirliyinə, bir sıra digər rəsmi qurumlara, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və yerli KİV-lərə göndərilib. Artıq bu gün İordaniyanın "Rəy", "Düstur", "Jordan Times", "Diyar", "Əl-Ğad", "Əl-Diyar" kimi bir sıra nüfuzlu qəzetlərinə səfirlik tərəfindən 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş mətbuat konfransı geniş şəkildə işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti