Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Fransa Senatında qondarma "erməni soyqırımı"nı kriminallaşdırmaq haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz ediblər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çərşənbə axşamı Trend-ə bildirib ki, etiraz məktubu hazırlanaraq Fransa Senatına göndərilib.
Məktubda qeyd olunub ki, məsuliyyətsiz qərarın qəbulu ilə Fransa öz demokratik imicinə ciddi zərbə vurdu. YAP gəncləri Fransa Senatını demokratik dəyərlərə hörmətlə yanaşmağa, insanı nəyəsə inacına görə cəzalandırmaqdan vaz keçməyə çağırıb.
Orucovun sözlərinə görə, bu sənədin qəbulu beynəlxalq təşkilatların prinsiplərinə zərbə endirir və bütün türk dünyasında ciddi qəzəb yaradır.
Bazar ertəsi Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.
Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.