Azərbaycan, Bakı, 6 fevral /Trend/
Azərbaycan spikeri Oqtay Əsədov Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Əsədov əmin olduğunu bildirib ki, Fransa senatorlarından ibarət qrupun Azərbaycana budəfəki səfəri münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin iştirakı ilə həyata keçirilən strateji layihələr Cənubi Qafqazın inkişafında mühüm əhəmiyyət kəsb edir.
"Biz Fransa ilə parlamentlər səviyyəsində əlaqələrin genişləndirilməsinin tərəfdarıyıq. Belə hesab edirik ki, bu münasibətlər həyatın digər sahələrində əlaqələrin inkişafına da təkan verir. Hazırda hər iki ölkə parlamentariləri nüfuzlu beynəlxalq parlament təşkilatlarında, Avropa İttifaqının müxtəlif proqramları çərçivəsində faydalı əməkdaşlıq edirlər", - o deyib.
Əsədov təəssüflə qeyd edib ki, demokratiyanın beşiyi sayılan Fransada uydurma "erməni soyqırımı" ilə bağlı qəbul edilmiş qanun Azərbaycan ictimaiyyətində böyük narahatlıq yaradıb.
"Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrlərindən biri olduğunu nəzərə alsaq, ölkə ictimaiyyətinin bu narahatçılığı başa düşüləndir. Biz ümid edirik ki, Fransa Konstitusiya Şurası insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş bu sənədin qüvvəyə minməsinə imkan verməyəcək.
Spiker deyib ki, tarixi tarixçilər araşdırmalıdırlar. Hansısa uzaq bir dönəmdə baş vermiş hadisəni siyasiləşdirərək onu bu gün parlamentdə müzakirə obyektinə çevirmək heç kimə baş ucalığı gətirməz. Bu halda çox böyük bir hərc-mərclik yaranar. Bu baxımdan, çox yaxın keçmişdə baş vermiş Xocalı soyqırımı kimi faciəyə, Azərbaycandakı 1 milyondan çox qaçqının düşdüyü vəziyyətə göz yumaraq, hansısa uydurma bir məsələni şişirdərək müzakirə obyekti etmək başa düşülən deyil.
"Biz Fransa siyasətçilərini bu məsələdə daha həssas olmağa səsləyirik", - Milli Məclisin sədri əlavə edib.
Natali Qule Azərbaycan-Fransa münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edərək, münasibətlərimizin dərinləşməsinə mane ola biləcək halların tezliklə aradan qalxacağına ümidvar olduğunu deyib.
Qarşılıqlı dialoq şəklində davam etdirilən görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov və digər rəsmi şəxslər iştirak ediblər.