...

Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsinin siyasiləşdirilməsi qəbuledilməzdir - XİN

Siyasət Materials 9 Fevral 2012 16:56 (UTC +04:00)
AFR federal hökumətinin insan haqları sahəsində siyasət üzrə səlahiyyətlisi Markus Löninq Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi məsələsini əsassız və ədalətsiz şəkildə siyasiləşdirib.
Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsinin siyasiləşdirilməsi qəbuledilməzdir - XİN

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Tarıverdiyeva/

AFR federal hökumətinin insan haqları sahəsində siyasət üzrə səlahiyyətlisi Markus Löninq Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi məsələsini əsassız və ədalətsiz şəkildə siyasiləşdirib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

"Löninqin Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsini siyasiləşdirmək səyi qəbuledilməzdir. Löninq Almaniya KİV-də dərc olunmuş əsassız ittihamlar və çağırışlar yolu ilə Almaniya cəmiyyətində bu tədbirə qarşı yanlış münasibət yaratmağa çalışır", - Abdullayev bildirib.

AFR hökumətinin insan haqları üzrə səlahiyyətlisi Markus Löninq mayda Azərbaycandan "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar "Neue Osnabrücker Zeitung" qəzetinə müsahibəsində Bakının ünvanına insan haqlarının pozulması ilə bağlı ittihamlar səsləndirib.

Abdullayev deyib ki, Löninqin yanaşması və çıxışları Almaniyanın mövqeyini əks etdirmir.

"Löninq tərəfindən atılan düşünülməmiş addımlar onun şəxsi təşəbbüsünə əsaslanır və Azərbaycanla Almaniya arasında tərəfdaşlığın yüksək səviyyəsində olan ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işinə xidmət etmir", - XİN rəsmisi əlavə deyib.

Onun sözlərinə görə, Löninqin ittihamları, Azərbaycan hökumətinin hüquqi dövlətin inkişafı, qanunun aliliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişafı üzrə islahatlar üzərində işlərə, eləcə də bu sahədə Aİ ilə geniş dialoqun davam etdirilməsinə nə dərəcədə sadiq olması nəzərə alınarsa, xüsusilə əsassızdır.

"Bu yaxınlarda Almaniya XİN-in mətbuat katibi öz çıxışında xüsusilə qeyd edib ki, federal hökumət Azərbaycanda insan haqlarının müdafiəsi üzrə fəaliyyət planının təsdiqlənməsini alqışlayır. O, habelə qeyd edib ki, bu, həmin istiqamətdə atılan düzgün addımdır", - Abdullayev bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il dekabrın 27-də Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını təsdiq edib.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti