Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbirlər İ.İsayev, T.Cəfərov/
Bir neçə gündən sonra İranın nüvə tədqiqatları sahəsində böyük uğurları elan ediləcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü İran Prezidenti Mahmud Əhmədinejad Tehranda İslam İnqilabının 33-cü ildönümü münasibətilə kütlə qarşısında çıxışı zamanı deyib.
"Dünya dövlətlərinin bizə təzyiq göstərməyə cəhd etməsinə baxmayaraq, İran yenə də nüvə potensialına malik ölkədir və tezliklə bütün dünya bizim hansı uğurlara nail olduğumuzu görəcək", - Prezident bildirib.
Bir az əvvəl İranın nüvə sahəsində əldə etdiyi böyük uğurlardan İranın xarici işlər naziri Əli Əkbər Salehi də danışıb.
Bir sıra Qərb ölkələri, eləcə də ABŞ İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlamaqda ittiham edir. Tehran isə bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatını təmin etməyə yönəlib.