...

Sıravi yəhudinin adi yazısına nota ilə reaksiya verilməsi İranın İsrailə xüsusi hörmətinin əlamətidir

Siyasət Materials 13 Fevral 2012 17:30 (UTC +04:00)

Mübariz Əhmədoğlu, politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru

İranın Azərbaycan Respublikasına qarşı işləyən mətbuatı Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundovun İran XİN-ə çağırılıb ona etiraz notası təqdim edilməsi ilə bağlı məlumat yaydı.

Qeyd edək ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub. İran, həmçinin Azərbaycan gömrükçülərinin İrandan gələnləri incitdiklərini bildirib.

İranın Azərbaycana qarşı münasibəti əvvəlcədən hamıya bəllidir, amma bu xəbərin ingilisdilli İran televiziyası olan PressTV tərəfindən yayılması əlavə mətləblərdən xəbər verir.

Rəsmi Tehranın sıravi yəhudinin yazısına belə xüsusi həssaslıq nümayiş etdirməsi bir neçə prizmadan diqqəti cəlb edir:

a) İranın Xarici İşlər Nazirliyi və onun təsirində olan antiazərbaycan mətbu orqanları Azərbaycan Respublikasının İrandakı diplomatlarını çoxdan hədəfə alıblar. İRİB-in Bakıdakı nümayəndəsi Əhməd Kazımi ilə başlanan bu proseslər bitmədi. Bir neçə gün öncə Azərbaycan Respublikasının İrandakı səfirinin müşaviri İbrahim Qafarovun səsləndirdiyi fikirləri kontekstdən çıxararaq Azərbaycan diplomatlarının əleyhinə istifadə etməyə çalışdılar. Guya Qafarov Azərbaycanın demokrtaik dövlət olduğu üçün Bakıda gey parad keçirməsinə haqq qazandırıb. Bu absurddur. Çünki belə tipli məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyi bəllidir. 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqində olan bu təxmini mövzuya dair bəyanat Azərbaycan diplomatlarına başqa mövqedə olmağa imkan verə bilməz. Azərbaycan diplomatları dünyanın harasında olmasından asılı olmayaraq, Azərbaycan Prezidentinin və birbaşa rəhbərləri olan nazir Elmar Məmmədyarovun çıxışlarını dönə-dönə oxuyurlar. İran XİN Azərbaycan tərəfinə cavab vermək məcburiyyətində qaldığı üçün özlərinə uyğun, əxlaqsız, dinc qonşuluq münasibətlərinə sığmayan addımlara rəvac verirlər. "Adımı sənə qoyum, səni də yana-yana qoyum" məsəlinin lap yeridir;

b) Azərbaycan Respublikasına qarşı informasiya müharibəsində uduzan rəsmi Tehran əməkdaşlıq üçün yeni subyekt axtarışı zamanı özünün köhnə ağasını tapdı. İranın ermənilərlə birlikdə antiazərbaycan fəaliyyətinin Azərbaycan Respublikası tərəfindən neytrallaşdırılması İranı bu addıma təhrik edib. İran 1979-cu il İslam inqilabından da təxminən 10 il sonrayadək İsrailin əlində region dövlətlərinə qarşı alət olub. İran XİN-i həmin dövrdəki arxivlərinə baxmaqla zəngin mənbə əldə edə bilər. İndiki şəraitdə rəsmi Tehran təhdidləri özündən uzaqlaşdırmağı bacarmadığı üçün İsrailə və ya onun vətəndaşına belə xüsusi münasibətlə rəsmi Təl-Əvivin diqqətini özünə cəlb etmək istəyir;

c) İranın indiki şəraitdə Azərbaycan Respublikasını hədəfə alması onun çox pis yolda olduğunu göstərir. Rəsmi Bakı beynəlxalq aləmdə İrana qarşı mövqeyini açıqlayıb. Azərbaycan Respublikasının ərazisindən İrana qarşı hücum məkanı kimi istifadə edilməyəcəyi dünyada hamıya bəllidir. Hətta Azərbaycana nota verən İran XİN-in əsas rəhbəri Prezident Mahmud Əhmədinejad Azərbaycan Prezidentinə İranı rəşadətli müdafiəsinə görə xüsusi minnətdarlıq bildirdi. O vaxtdan indiyədək Azərbaycanın İrana qarşı siyasətində pisə doğru heç nə dəyişməyib. Dəyişən, daha da pisləşən İranın Azərbaycan Respublikasına qarşı siyasətidir;

ç) İsrailin ermənilərlə sıx əlaqəsi İranla Ermənistan arasında nəzarətsiz ərazilərin olması fonunda İranın təhlükəsizliyi prizmasından daha çox diqqəti çəkməli idi. ABŞ-ın Ermənistandakı səfirliyinin binasında ABŞ dəniz piyadalarının xüsusi təyinatlısı olan "dəniz pişikləri"nin yerləşdirilməsi ehtimalının olduğu dövrdə İranın bu məsələyə diqqət yetirməyərək pis niyyətini Azərbaycan Respublikası üzərində fokuslandırması təsadüfi hesab edilməməlidir;

d) Son iki ildə dini və rəsmi Tehran ardıcıl sürətdə Azərbaycan Respublikası ilə viza rejimini ləğv etməyi təkidlə tələb edib. Eyni təkidlə Azərbaycan Respublikası bundan imtina edib. Görünür, İran viza rejimini aradan qaldırıb gediş-gəlişi asanlaşdırmaqla İsrail kəşfiyyatının İran adı ilə Azərbaycana qarşı təxribatına şərait yaratmaq istəyirmiş. İsraildə çox gözəl bilirlər ki, hər şeydən şübhələnən, hətta "Quran" ayəsinə şübhə ilə yanaşan İranın dindarları və siyasətçiləri yəhudilərin ağzından çıxan hər sözü şübhə etmədən, müqəddəs kəlam kimi qəbul edirlər. Ona görə dini və rəsmi Tehran adından Azərbaycan Respublikası ilə viza rejiminin ləğvini tələb edənlər İranın xüsusi xidmət orqanları tərəfindən ciddi şəkildə nəzarətə götürülsə, yəhudilərin, İsrailin əsl nökərlərini o sıradan aşkarlayıb tapa bilərlər;

e) Rəsmi Tehran əgər öz vətəndaşlarına etibar etmirsə, Azərbaycan Respublikasına gəlib-gedən vətəndaşlarından şübhələnirsə, bunun sadə həlli var: viza rejiminin sadələşdirilməsi əvəzinə, viza rejiminin sərtləşdirilməsi məsələsini rəsmi Bakıdan xahiş etmək olar. İranın dövlət məmurları hansı sayda adamlarının gediş-gəlişinə nəzarət edə bilirlərsə, o sayda da öz vətəndaşlarını sərhəddən buraxsınlar;

ə) İsrailin Azərbaycan vasitəsi ilə İranda terror hadisələri törətməsinə dair təxribatçı məlumatlar birinci dəfə deyil. İranda motosikletçilərin nüvə alimlərinə, hərbçilərə qarşı ardıcıl insidentlərinin müqabilində motosikletçiləri tapa bilməyən rəsmi Tehran Azərbaycan Respublikasını ittiham edib.

Görünür, rəsmi Tehranın fikrincə, İranda gəmilərin batmasını, mühüm obyektlərin partlamasını, öldürülən bütün şəxslərin qətlini Azərbaycan Respublikasımı törədib?! İranın daxilində İran dövlətçiliyinin süqutuna çalışan qüvvələr mövcuddur. Azərbaycana qarşı belə davranışlar da həmin qrupların fəaliyyətinin nəticəsidir.

Rəsmi Tehranın nəyəsə tələsdiyi göz qabağındadır. Verdiyi bəyanatlar, atdığı addımlar rəsmi Tehran üçün əks-effekt yaradıb. İranın indiki idarəediciləri İrana qarşı müharibənin yeganə mənbəyidir. Belə bir dövrdə özünü müdafiə etmək, dünyaya və region dövlətlərinə ağıllı mesajlar vermək əvəzinə, BMT TŞ-nin yeni məzmunlu qətnaməsinə şərait yaratmaqla məşğuldurlar. Sabah başqa bir yəhudi bu mövzuda yazı yazacaq, İranın ali dini liderinin adından bəyanat veriləcək. Bu iki bəyanat İranın öz qonşusuna təhlükə yaratmaq məsələsini BMT TŞ-nin gündəliyinə salmağa əsas yaradır. Nə Rusiya, nə də Çin belə halda İrana qarşı olan BMT TŞ-nin qətnaməsinin əleyhinə səs verməyəcəklər. Ola bilər ki, müəyyən bir qrup şəxslər bu məqsədi qarşısına qoysunlar, İrandakı nökərləri vasitəsilə bu effekti yaratmaq istəyirlər.

Azərbaycan Respublikası kifayət qədər möhkəm təhlükəsizlik sisteminin tərkib hissəsidir. İrandakı əhalinin içərisində etnik azərbaycanlıların sayca birinci yerdə olması da bu təhlükəsizlik sistemini stabilləşdirən faktorlardan birinə çevrilə bilər. Hər halda, Azərbaycan Respublikası İrana qarşı düşmənçilik etməyib. İran Azərbaycan Respublikasına düşmənçiliklə məşğuldur. Azərbaycan Respublikası ilə düşmən olduğu dövrdə İran nə isə bir şey qazanıbsa, bu düşmənçiliyini davam etdirsin.

Xəbər lenti

Xəbər lenti