...

CAR-da Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı sərgi keçirilir (FOTO)

Siyasət Materials 20 Fevral 2012 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Cənubi Afrika Respublikasının ən böyük universitetlərindən birində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı sərgi keçirilir.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, fevralın 20-də səfirlik Pretoria Universitetinin mərkəzi kitabxanasının əsas binasında Azərbaycana həsr edilmiş sərgi təşkil edib.

Sərgidə ölkəmizin və paytaxt Bakının tarixinə və müasir dövrünə həsr olunmuş şəkillər, 20 yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acınacaqlı nəticələrini əhatə edən fotoekspozisiya nümayiş etdirilir.

Bununla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, milli və təbii sərvətləri, 20 yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi, Azərbaycanın siyasi sistemi və digər mövzulara aid ingilis dilində nəşr olunmuş kitablar, milli suvenirlər də ekspozisiyaya daxil edilib.

Keçirilən sərgidə Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş və yüksək poliqrafik keyfiyyətə malik kitablar xüsusi yer alıb. Həmçinin xüsusi masada tələbə və müəllim heyəti üçün Azərbaycana həsr edilmiş jurnal, fotoşəkillər, xəritələr, tarixi və turistik xarakterli təbliğat materialları yayımlanmaqdadır.

Kitabxanada yerləşdirilmiş 5 monitorda Azərbaycanla bağlı film daim göstərilməkdədir.

Səfirliklə universitet rəhbərliyi arasında əldə edilmiş razılığa əsasən, sərgi iki həftə ərzində nümayiş etdiriləcək və bitdikdən sonra sərgidə nümayiş etdirilən və səfirlikdə olan əlavə kitablar rəsmi olaraq kitabxanaya hədiyyə ediləcək və kitabxananın fonduna daxil olunacaq.

Qeyd edək ki, Pretoria Universitetində 50 mindən artıq tələbə təhsil alır, 140 departament və 85 elmi mərkəz fəaliyyət göstərir. Universitetin kitabxanası 40800 bakalavr, 12700 magistr və doktor və 4000 müəllim heyətinə müxtəlif informasiya xidmətlərini göstərir.

Xəbər lenti

Xəbər lenti