...

Elmar Məmmədyarov Pakistan senatorları ilə görüşüb

Siyasət Materials 29 Fevral 2012 18:06 (UTC +04:00)
Elmar Məmmədyarov Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi Pakistan Senatının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Pakistan senatorları ilə görüşüb

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi Pakistan Senatının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluq bildirib və ölkələrimiz arasında bir çox sahələrdə qarşılıqlı dəstəyin mövcud olduğunu vurğulayıblar. Azərbaycan ilə Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT TŞ çərçivəsində faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Məmmədyarov Azərbaycanın Pakistanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirərək, iki ölkə arasında ticarət, enerji və mədəniyyət sahələrində əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

XİN rəhbəri parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək, qarşılıqlı səfər mübadilələrinin intensivləşməsinin iki ölkə arasında mövcud olan siyasi dialoqun inkişaf etdirilməsində vacib amil olduğunu bildirib.

Sonda pakistanlı senatorlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəklədiklərinə görə təşəkkür bildirilib.

Xəbər lenti

Xəbər lenti