...

Əhməd Oruc həmkarlarının yeni formatını "yeyib-içmək" adlandırdı

Siyasət Materials 2 Aprel 2012 14:54 (UTC +04:00)
Müxalif Azadıq Partiyasının sədri yeni "beşlik" formatını "yeyib-içmək" təklifi adlandırıb.
Əhməd Oruc həmkarlarının yeni formatını "yeyib-içmək" adlandırdı

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Mehdiyev/

Müxalif Azadıq Partiyasının sədri yeni "beşlik" formatını "yeyib-içmək" təklifi adlandırıb.

"Bu formatın təşkilatçısı AMİP-dir. O da yeyib-içmək təklifi olub. Bu tip adamların beşi yox, beş yüzü bir araya gəlsə belə, heç nə edə bilməzlər. Əksinə, əks effekt verər", - bu barədə bazar ertəsi Trend-ə açıqlamasında partiya sədri Əhməd Oruc deyib.

Onun sözlərinə görə, AMİP o qədər qeyri-ciddi platformadadır ki, hətta daxili siyasətlə bağlı mövqe bildirmir - partiya sədri seçkilərdən qabaq bir söz, seçkilərdən sonra başqa söz dedi, İctimai Palataya daxil oldular, sonra çıxdılar.

"Bunlar nə istədiklərini heç özləri də bilməyən, bir qədər anomal vəziyyətdə olan, ağıldan kəm adamlardır. "Beşliy"ə daxil olanların hamısı demək olar ki, artıq yavaş-yavaş bu günə düşürlər", - Oruc deyib.

O qeyd edib ki, gündəmdə qalmaq üçün bir-biriləri ilə dalaşan müğənnilər kimi bu siyasətçilərin də məqsədi gündəmdə qalmaqdır.

"Bu siyasətçilər gündəmdə qalmaq üçün yalandan bir gün bir yerdə olurlar, sabah dağılışırlar, birigün yenidən bir araya gəlirlər", - Oruc qeyd edib.

AMİP sədri Yusif Bağırzadə isə Əhməd Orucun fikirlərinə münasibət bildirməkdən imtina edib.

"Münasibət bildirmək istəmirəm, çünki mənim səviyyəm deyil. O hara, mən hara", - Bağırzadə Trend-ə deyib.

Qeyd edək ki, ötən həftə müxalifət partiyaları yeni formatda görüş keçirib. "Beşlik" formatında keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu və AMİP sədri Yusif Bağırzadə iştirak edib. Bu cür görüşlərin ayda ən azı iki dəfə keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti