...

Beynəlxalq normalara zidd "kanal"

Siyasət Materials 12 Aprel 2012 09:00 (UTC +04:00)
İran region dövlətlərinin marağına zidd olaraq yeni bir layihənin icrasına başlayıb. Belə ki, İran Xəzər dənizindən Fars körfəzinə qədər layihə qiyməti 6,5-7 milyard dollar, uzunluğu 600 km olan transkontinental gəmiçilik kanalı çəkmək niyyətindədir və bununla da Süveyş kanalının strateji əhəmiyyətini ikinci plana keçirmək istəyir
Beynəlxalq normalara zidd "kanal"

Arzu Nağıyev, Trend-in eksperti

İran region dövlətlərinin marağına zidd olaraq yeni bir layihənin icrasına başlayıb. Belə ki, İran Xəzər dənizindən Fars körfəzinə qədər layihə qiyməti 6,5-7 milyard dollar, uzunluğu 600 km olan transkontinental gəmiçilik kanalı çəkmək niyyətindədir və bununla da Süveyş kanalının strateji əhəmiyyətini ikinci plana keçirmək istəyir. Bu barədə İranın energetika naziri Məcid Nəmcu İRNA agentliyinə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, burada əsas məqsədlərdən biri də Xəzər dənizinin suyunun qurğular vasitəsilə duzdan təmizlənərək sənaye və kənd təsərrüfatı üçün istifadə edilməsidir.

Belə bir vaxtda beynəlxalq konvensiyaları və dövlətlərarası sazişləri nəzərə almadan, eyni zamanda, dənizin statusu məsələsi həll edilmədən kanalın tikintisi və istismarı haqqında danışmaq heç bir siyasi və iqtisadi dayağı olmayan populist bəyanatlardan başqa bir şey deyil və Xəzərin statusunun ayırd edilməsində çətinliklər yaratmaqla ancaq danışıqlar prosesinə mane ola bilər.

Xəzər dənizi Avropa və Asiya qitəsinin kəsişməsində yerləşən, yer kürəsinin dəniz adlanan, suyu duzlu olan ən böyük qapalı göldür. Xəzər dənizinə 9 delta şəkilli 130 çayın suyu axır, dəniz suyunun həcmi isə klimatik, geoloji və antropogen faktorlara görə su səviyyəsinin artıb-azalması nəticəsində daima dəyişir. Xəzər dənizinin iki min növə yaxın faunası , yedii yüz növdən artıq florası var.

Məlumdur ki, beynəlxalq dəniz kanalları süni yaradılmış dəniz marşrutlarıdır. Bu baxımdan, dənizin statusu müəyyənləşdirilmədən bu marşrutların yaradılması beynəlxalq normalara ziddir.

Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar aparılır və hətta 2013-cü ildə bu proses davam etdiriləcək. Hazırda Xəzər dənizi, fiziki-coğrafi şəraitindən asılı olaraq, dünya okeanı ilə heç bir təbii əlaqəsi olmayan qapalı daxili hövzədir. BMT-nin ətraf mühitin mühafizəsi və qorunması ilə bağlı konvensiyalarında dənizin flora və faunasının qorunması ilə bağlı hər bir dövlətin üzərinə düşən vəzifələr mövcuddur və yerinə yetirilməsi vacibdir. Dənizin çirklənməsi isə əsasən quruda olan mənbələr, gəmilərin hərəkət marşrutu üzrə atılan zərərli qalıqlar, toksiki, zəhərli və təhlükəli maddələrin daşınması vaxtı baş verə biləcək axmalardan baş verir.

Tehranın bir daha yadına salmaq olar ki, 4 noyabr 2003-cü ildə məhz Tehranda, beş sahilyanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) iştirakı ilə Xəzər dənizində ətraf mühitin mühafizəsi üzrə Çərçivə Konvensiyası imzalanıb.

12 avqust 2006-cı ildə qüvvəyə minmiş Konvensiyanın məqsədi Xəzər dənizində ətraf mühitin mühafizəsi, bərpası və onun bioloji ehtiyatlarının davamlı və səmərəli istifadəsi, o cümlədən dənizin çirklənməsinin qarşısının alınmasıdır. Deməli, layihə ekoloji cəhətdən həddən atrıq riskli hesab edilə bilər.

Unutmaq lazım deyil ki, 1998-ci ilin iyul ayında Qazaxıstan və Rusiya, 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstan və Azərbaycan, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında suveren hüquqlardan istifadə etməklə Xəzər dənizinin delimitasiyası haqqında sazişlər imzalanıb.

Xəbər lenti

Xəbər lenti