...

İlham Əliyev Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 12 Aprel 2012 13:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Gənclər Mərkəzinin tikintisinə bu ilin yanvarında başlanılmış, apreldə sona çatdırılmışdır. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Burada, həmçinin ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Bütün lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Mərkəzdə yaradılan rəsm qalereyasında gənc rəssamların sərgiləri təşkil olunacaqdır.
Dövlətimizin başçısı mərkəzin binasının ikinci mərtəbəsində fəaliyyət göstərən elektron kitabxana ilə tanış oldu. Bildirildi ki, kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar yer almışdır. Bildirildi ki, kompyuter otağında sürətli internetə qoşulmuş 9 kompyuter vardır. Burada kompyuter bilikləri, o cümlədən xalçaçılıq və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.

Mərkəzin ikinci mərtəbəsində və kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Buradakı linqafon otağında isə gənclər üçün xarici dil kurslarının təşkili nəzərdə tutulmuşdur. Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti