...

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub (FOTO)

Siyasət Materials 13 Aprel 2012 13:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Bakı Sərgi Mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Bakı Sərgi Mərkəzində "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 62 turizm istiqamətini təqdim edən "AİTF-2012" sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İTE Group plc" və onun tərəfdaşı "İteca Caspian" MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Azərbaycanın "SW Travel" şirkəti ardıcıl olaraq ikinci ildir ki, "AİTF" sərgisinin sponsorudur. Sərgi ilə bağlı işlərə "İTE Group plc"nin dünya üzrə tərəfdaş və agentliklərindən ibarət geniş şəbəkəsi cəlb olunmuşdur. Onların sırasında "ITE" (London), "EUF" (Türkiyə), "GİMA" (Almaniya) və "ITE Gulf" (Dubay) kimi tanınmış şirkətlər vardır.
Bildirildi ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində müxtəlif görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, hər il sərgi iştirakçılarının sırasına yeni ölkələr əlavə olunur. Bu il Qətər, Polşa, Vyetnam, Slovakiya, Xorvatiya sərginin debütant ölkələridir. İştirakçılar arasında dünyanın aparıcı aviaşirkətləri də vardır. "AİTF-2012" sərgisində qonaq ölkə qismində isə Bolqarıstan iştirak edir. Dünya Ticarət Təşkilatının bu il "AİTF-2012"-də öz stendi ilə iştirak etməsi beynəlxalq iştirakçıların bu sərgiyə göstərdikləri marağı bir daha təsdiqləyir.

Qeyd edildi ki, builki sərginin fərqli cəhətlərindən biri də ekspozisiyanın bir hissəsinin sağlamlıq mərkəzləri və sanatoriyalara həsr olunmasıdır. Sərgidə Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna kimi ölkələr müalicəvi kurortlarını təqdim edirlər.

Məlumat verildi ki, Azərbaycanla bağlı ekspozisiyalarda ölkənin aparıcı turizm şirkətlərinin, istirahət zonalarının və sanatoriyalarının yeni layihələri ilə tanış olmaq mümkündür. Bu il sərgidə iştirak edən yerli şirkətlərin ekspozisiyalarında gələn ay Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin loqosu və şüarı diqqəti cəlb edir.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış oldu.

Xəbər lenti

Xəbər lenti