...

Ermənistan parlamenti - görüntü və məzmun

Siyasət Materials 23 Aprel 2012 09:00 (UTC +04:00)
Parlament seçkilərinin keçiriləcəyi tarix yaxınlaşdıqca, Ermənistanın siyasi və ictimai dairələrində növbəti qanunverici orqanın, istər təmsil olunacaq deputat korpusunun keyfiyyəti, istərsə də onların təmsil etdiyi təşkilatların siyasi baxışları ilə bağlı suallar böyük müzakirələrə səbəb olur
Ermənistan parlamenti -  görüntü və məzmun

Arzu Nağıyev - Trend-in icmalçısı

Parlament seçkilərinin keçiriləcəyi tarix yaxınlaşdıqca, Ermənistanın siyasi və ictimai dairələrində növbəti qanunverici orqanın, istər təmsil olunacaq deputat korpusunun keyfiyyəti, istərsə də onların təmsil etdiyi təşkilatların siyasi baxışları ilə bağlı suallar böyük müzakirələrə səbəb olur.

Doxsanıncı illərin əvvəllərində Ermənistan hərbi düşərgəni xatırladırdı, az da olsa siyasi baxışlarda müəyyən yaxınlaşmaları müşahidə etmək mümkün idi, lakin sonradan, yəni 1994-cü ildən başlayaraq hökumətdə müharibə veteranlarının Qarabağ icma hərəkatı başladı, bu isə 1998-ci ildə Ter-Petrosyanın süqutu ilə nəticələndi. Həmin icmanın rəhbərliyi isə tədricən veteranlar və biznes liderləri koalisiyasını yaratdılar, bu isə öz növbəsində 2007-ci il seçkilərində özünü göstərdi.

Buna baxmayaraq, 1995-ci ildən indiyə qədər Ermənistanda keçirilən seçkilərdə məğlub olanlar tərəfindən kiminsə qələbəsi və ya qalib tərəf kimi tanınması faktı mümkün olmayıb. Siyasi rotasiya elə aparılıb ki, siyasi qüvvələr və cəmiyyət də bunu qəbul etməyib.

Növbəti parlament də yalnız görüntüsü ilə fərqli ola bilər, lakin məzmununa görə fiziki cəhətdən dəyişməz qalacaq və yəqin ki, parlamentin iclaslarında iştirak edə bilməyən və ya istəməyən oliqarxların bir hissəsi öz maraqlarını seçdirəcəkləri və ya təyin etdirəcəkləri "əvəzedici" heyətlə həyata keçirmək fikrindədirlər. Bu isə növbəti parlamentdə oliqarx biznesmen deputatların sayının azaldılması görüntüsünü yaratsa da, siyasi kursun dəyişdirilməsi və qanunverici orqanın işinin təkmilləşdirilməsi üçün heç bir istəyin olmaması deməkdir.

Bununla, hakimiyyət iqtisadi cəhətdən nüfuzlarının və təsirlərinin qarşısını ala bilməsə də, oliqarxların siyasi və kadr məsələlərinin həllində qərar vermələrinin qarşısının alınmasına çalışdığını göstərir. Eyni zamanda, müxalif partiyaların gənc üzvləri ilə iş adamları arasında narazılıqlar artmağa başlayıb. Əgər oliqarxlar üçün siyasi partiyalar səhmdar şirkətə bənzəyirsə və məqsəd müvafiq sərmayə qoymaqla müəyyən yer və ya təsir dairəsinə malik olmaqdırsa, partiya funksionerləri üçün bu, sadəcə olaraq karyeradır.

Seçki kampaniyası başlayandan Ermənistanda siyasi qüvvələrin səbəbkar olduğu çoxsaylı, səs-küylü kriminal hadisələr baş verib. Belə ki, Oktomber kənd qəbiristanlığında Respublika Partiyasından deputat Napet Gevorkyanın oğlu ilə deputatlığa namizəd Mərcun Mxoyan arasında dava düşüb və ikinci döyülərək namizədliyini geri götürmək məcburiyyətində qalıb. Bu yaxınlarda Gümrünün meri, respublikaçı Vardan Qukasyanın kürəkəni öldürülüb və bu hadisənin də "Firavan Ermənistan"la bağlılığı bildirilir. Malatiya-Sebastiyanın Yerevan icmasının üzvləri döyülüb və s. Belə misallar onlarladır. Seçkidə namizəd qismində iştirakçı olan müxalif qüvvələr mütəmadi olaraq kütləvi rüşvətlərin verilməsi, hakimiyyətin təzyiqləri ilə bağlı şikayətlər edirlər.

Hüquq-mühafizə orqanları bu hadisələrdən, kimin rüşvət verib almasından, döyülməsindən, hətta öldürülməsindən belə xəbərdar olsalar da və bu halların aradan qaldırılmasında birbaşa məsuliyyət daşısalar da, proseslərə müdaxilə etməkdən çəkinirlər. Belə olan halda, azad və ədalətli seçkilər haqqında danışmaq olmaz.

Ermənistanda hansı partiyanın hakimiyyətə gələcəyindən asılı olmayaraq, hər hansı vacib dəyişikliklərin baş verəcəyini düşünmək düzgün olmazdı, çünki Ermənistanın apardığı siyasət - istər Ter-Petrosyan, istər Koçaryan, istərsə də Sarkisyan vaxtında dəyişməz olub. Deməli, görüntü dəyişsə də, məzmun dəyişməyəcək.

Xəbər lenti

Xəbər lenti