Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, S.İsayev/
Hər hansı təxribatçı addım İran-Azərbaycan münasibətlərinə ziyan vura bilər. Bu barədə çərşənbə axşamı Tehranda mətbuat konfransında İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst bildirib. Trend-in məlumatına görə, xəbəri Press TV yayıb.
Mehmanpərəst iki qonşu ölkə arasında bu yaxınlarda yaranmış gərginliklə bağlı jurnalistin sualını belə şərh edib: "Bizim Azərbaycanla münasibətlərimiz strateji əhəmiyyət daşıyır, onlar bizim prioritetimizdir. Biz həmişə qonşu dövlətlərlə əlaəqlərimizin möhkəmlənməsi üçün yollar axtarırıq".
Mehmanpərəst qeyd edib ki, İslam Respublikasının Azərbaycanla ümumi maraqları var.
"Qərb KİV-i region dövlətlərinin münasibətlərinə ziyan vura biləcək təhrifedilmiş məlumatlar dərc edirlər", - o əlavə edib.