...

Azərbaycan ərazisindəki iki kənddə yaşayan Rusiya vətəndaşları ilə bağlı vəziyyət tamamilə nizamlanıb - səfirlik

Siyasət Materials 30 Aprel 2012 14:57 (UTC +04:00)
Azərbaycanın Xaçmaz rayonundakı Xrax-Uba və Uryan-Uba kəndlərində yaşayan Rusiya vətəndaşları ilə bağlı vəziyyət tamamilə nizamlanıb.
Azərbaycan ərazisindəki iki kənddə yaşayan Rusiya vətəndaşları ilə bağlı vəziyyət tamamilə nizamlanıb - səfirlik

Azərbaycan, Bakı, 30 aprel / Trend, müxbir E.Tariverdiyeva /

Azərbaycanın Xaçmaz rayonundakı Xrax-Uba və Uryan-Uba kəndlərində yaşayan Rusiya vətəndaşları ilə bağlı vəziyyət tamamilə nizamlanıb. Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən bildiriblər.

"Yuxarıda adları çəkilən kəndlərdəki humanitar vəziyyəti sivil əsasda tam nizamlanmış hesab etmək mümkündür ki, bu da Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və qarşılıqlı anlaşmanın təzahürlərindən biridir", - səfirliyin məlumatında deyilir.

1954-cü ildə SSRİ hökumətinin qərarı ilə kənd təsərrüfatı məqsədləri üçün müvəqqəti istifadəsi məqsədilə Dağıstan MSSR və Azərbaycan SSR-in kiçik ərazilərinin qarşılıqlı şəkildə bir-birlərinə verilməsi həyata keçirilmişdi. Bu qərar əsasında Dağıstan Azərbaycanda qış otlaqlarına ötürülən mal-qara üçün dayanacaq alır. Azərbaycan ərazisindəki daimi otlaqlar nəticəsində sərhəddən 60 kilometrlik məsafədə Xrax-Uba və Uryan-Uba kəndləri yaranır.

"Sovet İttifaqının süqutundan sonra iki kənd ətrafında keyfiyyətcə yeni vəziyyət yaranır. Rusiya ilə Azərbaycan arasında inzibati sərhədlər dövlət sərhədi statusu qazanır. Rusiya məhz bu ərazilərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Habelə 2004-cü ildə torpaqlardan müvəqqəti istifadə haqqında müvafiq hökumət qərarının vaxtı başa çatır", - səfirliyin məlumatında deyilir.

2010-cu ilin sentyabrında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədləri haqqında müqavilə imzalanır ki, bu da bu kəndlərin sakinlərinin statusunun müəyyən edilməsi məsələsini praktiki müstəviyə çıxarır.

Azərbaycan rəhbərliyi xoşməramlı addım kimi bu kəndlərin sakinlərinə RF vətəndaşlığı saxlanmaqla Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməyi təklif edir.

"Uryan-Uba kəndində daimi yaşayan rusiyalı vətəndaşlar bu təklifdən istifadə edərək Azərbaycanın vətəndaşları kimi gələcəkdə bu ölkədə qalmaq imkanlarını leqallaşdırdılar.
Uzun sürən daxili müzakirələrdən sonra Xrax-Uba kəndinin sakinləri könüllü olaraq fərdi qaydada Dağıstan Respublikasına köçmək barədə qərar qəbul etdilər. Köçmə prosesinə 2011-ci ilin yazında başlanılıb və ümumilikdə normal şəraitdə, səfirlik, Dağıstan hakimiyyəti və Azərbaycanın əlaqədar orqanları ilə tam əməkdaşlıq şəraitində keçib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti