Azərbaycan, Bakı, 4 may /Trend/
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, BMT TŞ-nin fəaliyyətdə olan sədri Aqşin Mehdiyev mətbuat konfransında çıxış edərək Təhlükəsizlik Şurasının may ayı üçün fəaliyyəti barədə danışıb.
Mehdiyev qeyd edib ki, Azərbaycan öz tarixində ilk dəfə olaraq BMT TŞ-nin üzvü olub. Onun sözlərinə görə, ölkəmiz daim təşkilat çərçivəsində beynəlxalq təhlükəsizliyi dəstəkləyib.
Daimi nümayəndə bildirib ki, çərşənbə günü Azərbaycanın sədrliyi altında BMT TŞ-nin may ayı üzrə fəaliyyət proqramı təsdiqlənib. Proqrama uyğun olaraq, Şura Qvineya-Bisaudakı vəziyyətə, Suriyada sabitliyin bərpası probleminə, xüsusi səfir Kofi Annanın planının yerinə yetirilməsinə dair məsələlərə baxmağı nəzərdə tutur. Suriyadakı vəziyyətin müzakirələri zamanı Annanın məruzəsinin dinləniləcəyi gözlənilir.
Bundan başqa, "Əl-Qaidə" beynəlxalq terror təşkilatı ilə mübarizə probleminə, eləcə də BMT TŞ-nin Liviya üzrə qətnaməsinin yerinə yetirilməsi məsələsinə də baxılacaq.
Mehdiyevin sözlərinə görə, BMT TŞ may ayında habelə KXDR, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək.
Səfir onu da bildirib ki, Türkiyənin təklifi ilə mayın 26-27-də BMT TŞ-nin İstanbulda qeyri-formal sammitinin keçirilməsi gözlənilir.