Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/
Milli Məclisdə cümə axşamı ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə "Heydər Əliyev xatirə zalı - 5 il" kitabının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, təqdimatda spiker Oqtay Əsədov Heydər Əliyevin Azərbaycan xalqı, dövləti və parlamenti qarşısındakı xidmətlərindən danışıb.
O qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycanda möhkəm dövlət yaradılıb.
Spiker qeyd edib ki, Milli Məclisdə 5 il əvvəl yaradılan Heydər Əliyev xatirə zalını ötən müddət ərzində 150 nümayəndə heyəti ziyarət edib.
Millət vəkilləri Arif Rəhimzadə və Eldar İbrahimov tədbirdə Heydər Əliyevlə bağlı xatirələrindən danışıblar.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev gələn il Heydər Əliyevin 90 illiyi ilə bağlı parlament tədbirlərinə start verilməsini təklif edib.
Deputat Rafael Hüseynov Heydər Əliyevin spikerliyi ilə bağlı parlamentdə bir saatlıq filmin hazırlanmasını təklif edib. "10 may təkcə anım günü deyil, həm də düşünmək üçün əlavə fürsətdir. Heydər Əliyev bir çox qurucu əməllərə imza atıb. Amma onun bizə miras qoyduğu ən böyük sərvət var ki, bu da Azərbaycan dövlətidir", - o deyib.
Qeyd edək ki, kitabın məsul redaktoru Oqtay Əsədovdur.