Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin uydurma ittihamlarla həbs edilməsi məsələsi İranın xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında keçirilən görüşdə ciddi şəkildə qaldırılıb. Bu barədə Trendə şənbə günü Xələf Xələfov bildirib.
Xələfov Azərbaycan vətəndaşlarına qarşı əsassız və sübutu olmayan ittihamların qaldırılmasının qəbul olunmaz olduğunu bildirib.
Xələfov bu halın iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurduğunu İran tərəfinə bildirib. Görüşldə azərbaycanlı şairlərin təxirəsalınmadan azad olunması məsələsi İran tərəfinin qarşısında sərt şəkildə qaldırılıb. Həmçinin, Xələfov görüşdə bu məqamın Azərbaycan və İran xalqları arasındakı etimadı şübhə altında qoyduğunu vurğulayıb. O qeyd edib ki, əsası olmayan uydurma ittihamlar dövlətlərarası münasibətlərdəki etimad kontekstində ciddi görünmür.
İranın xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bu məsələnin iki ölkə arasındakı münasibətlərdə qıcıqlandırıcı amil olması ilə razılaşıb və onun tezliklə həllini tapmalı olduğunu qeyd edib.
Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar. Azərbaycan XİN onların həbsinin qanunsuz hesab edir.