...

Azərbaycanın hakim partiyası İctimai Palatadakı son istefalara münasibət bildirib

Siyasət Materials 21 Sentyabr 2012 16:29 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalifətin bir hissəsinin cəmləşdiyi İctimai Palatadan bəzi üzvlərinin istefa verməsinin müxalifət partiyalarının Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən toplantıya qatılması və Avropa Parlamentinə ünvanlanan müraciətə hakim partiya ilə birlikdə imza atması ilə əlaqəli olması məsələsinə münasibət bildirib.
Azərbaycanın hakim partiyası İctimai Palatadakı son istefalara münasibət bildirib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası müxalifətin bir hissəsinin cəmləşdiyi İctimai Palatadan bəzi üzvlərinin istefa verməsinin müxalifət partiyalarının Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən toplantıya qatılması və Avropa Parlamentinə ünvanlanan müraciətə hakim partiya ilə birlikdə imza atması ilə əlaqəli olması məsələsinə münasibət bildirib.

"Onlar oradan getmək istəyirdilər və buna bəhanə axtarırdılar. Elə bəhanə kimi də bunu göstərdilər. Onlar artıq İctimai Palatanın hər hansı bir perspektivinin olmadığını görüb oradan uzaqlaşmaq istəyirlər və uzaqlaşmaq üçün bir bəhanə olmalı idi", - bunu cümə günü Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, ümumiyyətlə, onların orada qalmasının və ya getməsinin heç bir əhəmiyyəti yoxdur.

"Guya qalsalar nə edəcəklər, getsələr nə edəcəklər? Yəni bu İctimai Palata adlandırılan qurum tamam mənasız və lüzumsuz bir şeydir. Tutaq ki, hər bir siyasi partiyanın nizamnaməsi var, proqramı var, məqsədi var. Bir də var, hansısa bir dərnək yaranıb və bu insanlar dərnəyə toplaşıblar, misal üçün, kitabsevərlər dərnəyi, digər dərnəklər mümkündür", - Novruzov deyib.

O bildirib ki, elə İctimai Palata da dərnək kimi bir şeydir və burada başqa lazımi işlə məşqul olsalar, tutaq ki, ağac əkmək və digər bu kimi işlərlə məşğul olsalar, bəlkə də bir effekti olar.

"Siyasətlə məşqul olmaq, hər hansı bir siyasi addımlar atmaq siyasi partiyaların funksiyasıdır. Bu baxımdan hesab edirəm ki, İctimai Palata öz perspektivini itirib. Lazımsız, lüzumsuz bir qrumdur, bir sözlə, arabanın 5-ci təkəridir. Ona görə də istefa verənlər bunu görür, oradan uzaqlaşır və uzaqlaşanda da bəhanə axtarırlar", - Novruzov deyib.

Qeyd edək ki, İP-nin 3 üzvü - Pənah Hüseyn, Zəfər Quliyev və Köçəri Nağıbəylinin qurumdan istefa verdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti