...

DİN ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Siyasət Materials 9 Oktyabr 2012 17:35 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycan Daxili İşlər Nazirliyi ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, ümumilikdə 70 vaaakant vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə keçirilir. Müsahibə test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır.

Əməliyyat müvəkkili, təhqiqatçı və polis sahə inspektoru vəzifələrində xidmətə qəbul üçün müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor vəzifəsinə isə dövlət ali təhsil müəssisələrində müəllim (pedaqoq) ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayanlar və ya yaşayış yeri üzrə qeydiyyatda olanlar istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər yaşadıqları ərazi polis idarələrinə, şöbələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün) və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər. Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır. "Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər DİN-in www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il oktyabr ayının 10-dan noyabr ayının 10-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək şəhər, rayon (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) polis idarə və şöbələrində qəbul olunur. Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47 və 590-92-54 nömrəli şəhər telefonları vasirəsilə DİN-in Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti