Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir M.Əliyev/
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov hesab edir ki, Barak Obamanın yenidən ABŞ prezidenti seçilməsi Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin bundan sonra da mövcud baza əsasında inkişafına səbəb olacaq.
Trend-in məlumatına görə, Əhmədov jurnalistlərə deyib ki, ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər mövcuddur və bu münasibətlər iki ölkənin milli maraqlarına xidmət edir. "Bundan sonra da münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıyıq. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmlə mübarizənin aparılmasında Azərbaycan yaxından iştirak edir və bu istiqamətdə Azərbaycan və ABŞ-ın maraqları və həyata keçirdikləri siyasət üst-üstə düşür", - Əhmədov deyib.
Onu sözlərinə görə, Barak Obamanın rəhbərliyi altında ABŞ son 1 il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində fəaliyyətini artırıb və bir sıra hallarda rəsmi Vaşinqton tərəfindən təşəbbüsün ələ alınması cəhdləri müşahidə olunur.
Əhmədov qeyd edib ki, Barak Obamanın yenidən prezident seçilməsi nəticəsində ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi dəstək versə, məsələnin ədalətli həlli üçün real addımlar atmaq istəsə, münaqişənin həlli vaxtı daha da yaxınlaşar.