Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Xarici işlər nazirinin müavini Xələf Xələfov Cənubi Afrika Respublikasının (CAR) müdafiə nazirinin müavini Tabanq Makvetlanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə bu ölkənin Xarici İşlər, Enerji və Müdafiə nazirliklərinin yüksək səviyyəli rəsmiləri daxil olub.
Xələfov Azərbaycan və CAR arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq bildirib və bu münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkənin marağında olduğunu vurğulayıb. O, nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın formalarının müəyyən olunması və konkret layihələrin həyata keçirilməsi baxımından faydalı olacağına ümid etdiyini bildirib.
İki ölkə arasında xüsusilə enerji, müdafiə sənayesi, kənd təsərrüfatı, neft sənayesi sahəsində təcrübə mübadiləsi və tələbə mübadiləsi kimi istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın olduğunu diqqətə çatdıran Xələfov Azərbaycan və CAR Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə iki ölkə arasında müvafiq anlaşma memorandumunun yaxın zamanlarda imzalanacağını və bu sənədin siyasi təmasların intensivləşdirilməsinə töhfə verəcəyini bildirib.
Nazir müavini ölkəmizdə aparılan inkişaf strategiyası, həyata keçirilmiş regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat-kommunikasiya layihələri, təhsil və səhiyyə sisteminin müasirləşdirilməsi haqqında nümayəndə heyətinə məlumat verib və həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın regional və beynəlxalq nüfuzunun artdığını nəzərə çatdırıb. Xələfov Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonaqlara ətraflı məlumat verib və münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20%-nin işğal olunduğunu, 1 milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını bildirib. Ermənistanın təcavüzkar siyasəti və barışmaz mövqeyinin münaqişənin həllinə əngəl olduğunu, münaqişənin bütövlükdə regionun gələcək inkişafı və sabitliyinə əsas təhdid olduğunu diqqətə çatdırıb.
Cənubi Afrika Respublikasının nümayəndə heyətinin rəhbəri, müdafiə nazirinin müavini Tabanq Makvetla ölkəmizə səfər etməkdən məmnunluğunu bildirib və səmimi qəbula görə təşəkkür edib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayan Makvetla Azərbaycan və CAR arasında ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib, xüsusilə enerji, müdafiə sənayesi, kənd təsərrüfatı, neft sektorunda təcrübə mübadiləsi kimi sahələrdə ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, hər iki ölkənin regional və beynəlxalq məsələlərə yanaşma tərzinin bənzərliyini vurğulayıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.