...

Bakıda Ədliyyə, azadlıq, təhlükəsizlik və demokratiya üzrə Alt komitənin 3-cü iclası keçirilib

Siyasət Materials 21 Noyabr 2012 17:52 (UTC +04:00)
Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt komitənin üçüncü iclası keçirilib.
Bakıda Ədliyyə, azadlıq, təhlükəsizlik və demokratiya üzrə Alt komitənin 3-cü iclası keçirilib

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt komitənin üçüncü iclası keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iclasın birinci günü Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Aİ-Azərbaycan Fəaliyyət Planında əks olunan hüquq mühafizə, sərhəd idarəçiliyi, miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərinin icrasına, ikinci günü isə demokratiya, yaxşı idarəçilik və insan hüquqları sahələrində əməkdaşlığın qiymətləndirilməsinə həsr olunub.

Ekspert səviyyəsində keçirilmiş iclasda hər iki tərəf üçün maraq kəsb edən bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tədbirdə iştirak etmiş geniş tərkibli Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev başçılıq edib, Aİ nümayəndə heyətinə isə iclasın ədliyyə, azadlıq və təhlükəsizlik məsələlərinə həsr olunmuş birinci hissəsində Avropa Xarici Fəaliyyət Xidmətinin (AXFX) "Şərq tərəfdaşlığı" ikitərəfli şöbəsinin rəis müavini Reinhold Brender, insan hüquqları və demokratiya məsələlərinə dair ikinci hissəsində isə AXFX-nin İnsan hüquqları siyasəti şöbəsinin rəhbəri Elizabet Tizon rəhbərlik ediblər.

Alt komitənin ikinci günü Azərbaycan və Aİ-də insan hüquqlarının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələr geniş miqyaslı məsələlər, o cümlədən insan hüquqlarının müdafiəsi üzrə milli təsisatlar, ədliyyə sistemində islahatlar, seçkilər, ifadə və məlumat azadlığı, toplaşmaq və birləşmək azadlığı, həmçinin, vətəndaş cəmiyyətinin fəaliyyəti, qadın və uşaq hüquqları məsələlərini əhatə edib. Aİ və Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təşkilatlar, xüsusilə də BMT, ATƏT və AŞ çərçivəsində əməkdaşlığı da müzakirə ediblər.

Aİ-nin üçüncü ölkələrlə insan hüquqları üzrə dialoqu təcrübəsinə uyğun olaraq, insan hüquqlarına həsr olunan görüşdən əvvəl Aİ həmçinin Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərlə görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti