...

Mübariz Qurbanlı: Müxalifət 2013-cü ilin testindən "iki" aldığını indidən qəbul etməlidir

Siyasət Materials 19 Dekabr 2012 13:08 (UTC +04:00)
Müxalifətin radikal qanadı gələn il keçiriləcək seçkilərlə əlaqədar özünün nəyə qadir olduğunu test edir və həmişə bu testdən "2" alır.
Mübariz Qurbanlı: Müxalifət 2013-cü ilin testindən "iki" aldığını indidən qəbul etməlidir

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Mehdiyev/

Müxalifətin radikal qanadı gələn il keçiriləcək seçkilərlə əlaqədar özünün nəyə qadir olduğunu test edir və həmişə bu testdən "2" alır. Çünki keçirdikləri aksiyalarda istədikləri nəticəni ala bilmirlər. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, qanuni əsasda keçirilən aksiyalarda iştirakçıların azlığı radikal müxalifəti məyus edir və onların mitinqlər üçün başqa yerləri tələb etməsi bəhanədən başqa bir şey deyil. Onun sözlərinə görə, bu düşərgənin Bakı şəhərinin mərkəzində, istirahət parklarında kütləvi aksiyalar keçirməyə cəhd göstərməsi ictimai asayişi pozmağa yönəlmiş addımdır. Bu addımlar qanunazidd olduğu üçün qarşısı alınır.

"Mitinqlər üçün müvafiq yerlər ayrılıb və müxaliflər həmin yerlərdə toplaşıb fikirlərini səsləndirə bilərlər. Vətəndaş narazı olarsa, mitinq üçün ayrılmış yerə mütləq gedər. Eyni zamanda, mitinq üçün 20-ci sahədə ayrılmış yerin ətrafında çoxlu yaşayış evləri, insanların cəmləşdiyi ticarət mərkəzləri var. Yəni həmin ərazinin bir addımlığında keçirilən mitinqə orada yaşayan, işləyən insanlar gəlmirlər, müxalifətin aksiyasına laqeyd qalırlar. Əgər o insanlar narazı olsaydı, iki dəqiqə piyada gedərək bu tədbirlərə qoşulardılar. İki dəqiqəlik məsafədəki mitinqə vətəndaş qatılmırsa, deməli, həmin vətəndaş mitinqi çağıranlarla həmrəylik nümayiş etdirmək istəmir. Təəssüf ki, bunu müxalifətin "başbilənləri" anlamaq istəmirlər. Onların şəhərin mərkəzində ictimai asayişin pozulmasına yönəlmiş addımlarının qarşısı həmişə alınacaq. Müxalifət indidən 2013-cü ilin testindən "2" aldığını qəbul etməlidir", - YAP icra katibinin müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti