Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir S.Ağayeva/
Pakistanda baş verən son hadisələrlə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin mühafizəsi gücləndirilib.
Pakistanda son günlərdə kəskinləşmiş vəziyyətlə əlaqədar hökumət ölkədə diplomatik missiyaların təhlükəsizliyinin təmin olunması məqsədi ilə Azərbaycan səfirliyinin də yerləşdiyi diplomatik şəhərciyə aparan bütün yolları nəzarət altına alıb və həmçinin şəhərciyə giriş-çıxış məhdudlaşdırılıb. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.
Səfirlik bu ölkədə müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edib və onları sayıq olmağa çağırıb. Səfirin sözlərinə görə, onlar istənilən təhlükənin yaranması zamanı səfirlikdəki "qaynar xəttə" müraciət edə bilərlər.
Hazırda səfirliyin konsul uçotunda 35 azərbaycanlı ailəsi var. Ancaq Şikarov onların real sayının daha çox ola biləcəyini istisna etməyib. Çünki onların əksəriyyəti ölkənin regionlarında yaşayır və konsul uçotunda dayanmırlar.
Bu gün səhər Pakistanın təhlükəsizlik qüvvələri İslamabadın mərkəzində toplaşan müxalifətin "milyonların marşı" nümayişini dağıtmaq üçün havaya atəş açıb və dəyənəklərdən istifadə edib. Nümayişə "Təhrike minhəccül-Quran" islam hərəkatının lideri Tahir Qədri rəhbərlik edir. Bu barədə İTAR-TASS ölkənin yerli televiziyasına istinadən xəbər verir.
Nümayişçilər polislərin Qədrini həbs etmək cəhdlərinə müqaviməti göstəriblər və onlara daş atıblar. İlkin məlumatlara görə, altı aksiya iştirakçısı yaralanıb.
Qədri bəyan edib ki, əgər yerli vaxtla saat 11:00-dək Pakistanın federal hökuməti və "pakistanlıların etimadını itirmiş" vilayət administrasiyaları istefaya getməzsə, çıxışların miqyası böyüyəcək.
"Təhrike minhəccül-Quran"ın liderinin sözlərinə görə, "feodal və korrupsiyaya uğramış siyasi sistemdə köklü islahatların aparılması" üçün ölkədə hakimiyyətə xalq parlamenti gəlməlidir. Bu parlament dövlət iadrəçiliyinin gələcək forması barədə hərbi və məhkəmə instansiyaları ilə danışıqlar aparacaq.
Öz məqsədlərinə nail olmaq üçün Qədrinin on millərlə tərəfdarı İslamabadda Prezidentin, Baş nazirin iqamətgahları, XİN-in, DİN-in, Parlamentin, Ali Məhkəmənin binaları və diplomatik anklav yerləşən "qırmızı zona" adlanan əraziyə daxil olmağa cəhd ediblər. Öz növbəsində təhlükəsizlik qüvvələri "İslamabadda Misirin Təhrir meydanının oxşarını təşkil etmək niyyətində olan" nümayişçilərə qarşı bütün lazımi tədbirləri görəcəklərini bəyan ediblər.